Komitə: Qaz ehtiyatlarının 6,4%-ni itkilər təşkil edib
Ehtiyatların 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub. Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft emalı məhsullarının istehlakı 1 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi istehlakın 30,3%-ni mazut yanacağı, 28,1%-ni avtomobil benzini, 26,4%-ni dizel yanacağı, 5,1%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,7%-ni maye qaz, 2,8%-ni aviasiya üçün və sair ağ neft, 1,7%-ni neft bitumu, 0,8%-ni sürtkü yağları, 1,1%-ni isə digər neft emalı məhsulları təşkil edib.
Ölkədə 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 69,8%-i hasilatın, 25,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 4,8%-i isə idxalın hesabına formalaşıb. Təbii qaz ehtiyatlarının 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub, 6,4%-ni itkilər təşkil edib, 11,7%-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.
Bu yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 340,2 mln. kVt.saat elektrik və 83,6 min Q.kalori istilik enerjisindən, 54,8 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisindən 37,3%, təbii qazdan 3,4% çox istifadə edilib, elektrik enerjisindən istifadə isə 3% azalıb.
950 dəfə oxundu