“JURNALİSTİKANI HƏYAT TƏRZİMİZƏ ÇEVİRMİŞİK”
Akif Aşırlı Azərbaycan cəmiyyətində qələm sahiblərinə bir əsgər kimi baxılmasını arzulayır
Milli mətbuatımızın 140 illik yubileyinın qeyd ediləcəyi bayram ərəfəsindəyik. Təbii ki, tarixi yola nəzər salanda uğurlarla bərabər, problemlər də var. "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə müsahibəmizdə də mətbuatımızın tarixi və hazırkı durumu ilə bağlı vacib məqamlara diqqət yetirdik.
Tarixə baxış
- Milli mətbuatımızın 140 illik yubileyi yaxınlaşır. Keçilən tarixi yola nəzər salanda bu yolu uğurlu hesab etmək olarmı?
- Keçilən yola diqqət yönəltsək, bu, uğurlu bir yoldur. Bu gün Azərbaycanda "Əkinçi” ənənələrini davam etdirən 40-a yaxın gündəlik mətbuat orqanı, ondan bir qədər çox həftəlik mətbuat orqanı və yeni jurnalistikanın məhsulu olan çoxsaylı onlayn media orqanları - internet televiziyaları, portallar, saytlar, agentliklər fəaliyyət göstərir. Azərbaycan jurnalistikası ənənələr üzərində qurulub. Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi” qəzeti Azərbaycanda jurnalistika ənənələrini, peşəkar jurnalistika heyətini formalaşdırdı, yeni qəzetçilik formatına keçid prosesini həyata keçirdi. "Əkinçi”dən sonra bu prosesi davam etdirən xeyli sayda mətbu orqanlar – "Ziya”, "Ziyayi Qafqaziyyə”, "Kəşkül”, "Şərqi-Rus” və s. qəzetlər formalaşdı. "Əkinçi” qəzeti azərbaycançılığın əsasını qoydu, milli şüurun inkişafı prosesinə öz töhfəsini verdi və tarixi missiyasını həyata keçirdi. Sonrakı mərhələdə "Həyat” və "İrşad” qəzetləri məhz bu ənənələrə söykənərək, islam həmrəyliyini önə çəkdi, türkçülük şüurunun formalaşmasına böyük töhfələr verdi və milli ideologiyamızın formalaşmasına gətirib çıxardı. Məhz bu qəzetlərin yeritdiyi siyasət, jurnalistlərinin yanaşmaları və analitik təfəkkürləri nəticəsində Xalq Cümhuriyyətinin ideologiyası formalaşdı. Bu mətbu orqanlardan sonra "Füyuzat” jurnalistika məktəbinin formalaşması, ortaq türk dili ideyasının və "Molla Nəsrəddin”çi jurnalistikanın meydana gəlməsi yeni bir mərhələ oldu.
80-ci illərdə milli azadlıq hərəkatının başlanması jurnalistikanın qarşısında yeni prinsiplər qoydu. Milli azadlıq hərəkatına aparan insanların şəxsiyyətini analiz etsək, onların çoxunun Azərbaycan jurnalistləri olduğunu görərik.
Növbəti mərhələ 1998-ci illə – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Senzuranın ləğvi prosesi, mətbuatın üzərindən böyük nəzarətin götürülməsi, jurnalistikanın inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması prosesi baş verdi. Medianın qanunvericilik bazası formalaşdı, peşəkar, intellektual jurnalistika formalaşdı.
Qarşılıqlı əlaqələr modeli
- Bugünkü mərhələ isə tamamilə yenidir. Artıq sosial və elektron media formalaşıb. Bu dalğa fikirlərdə çap mediasının sıradan çıxması qorxusunu gündəmə gətirib. Sizcə, bu qorxuya əsas varmı?
- Biz də belə hesab edirdik ki, ənənəvi medianın onlayn mediaya nisbətdə inkişafı və onun gələcəyi müəyyən mənada təhlükədədir. Ancaq ümumi yanaşanda artıq Azərbaycan jurnalistikası dünya mediasının bir hissəsidir. Dünyada hansı proseslər baş verirsə, bizim ölkə mediasına tez sirayət edir. Azərbaycan mediası artıq kənardan gələn yenilikləri də, problemləri də öz içərisinə alan, əridən, dövrün yeni modelindən çıxış edən bir mediadır. Artıq ənənəvi medianın xəbər siyasətindən danışmaq bir qədər çətindir. Çünki onlayn media xəbərlərin daha cəld və operativ çatdırılması baxımından ənənəvi medianı geridə qoyur. Ənənəvi medianın xəbər siyasəti artıq geridə qalmış mərhələdir. Bu baxımdan yeni medianın gəlişi rəqabət baxımından ənənəvi medianın işini xeyli çətinləşdirib. Bu, ənənəvi medianın həm forma, həm də məzmunca yeniləşməsini tələb edir. Ancaq ənənəvi media üçün yeni prioritetlər var. Ən başlıcası, analitik təfəkkür tərzinə malik jurnalistika sistemini formalaşdırmaq və özünü bu istiqamətdə cəmiyyətə təqdim etməkdir. Analitik təhlillərin və cəmiyyətdə yaşanan problemlərin kökünün araşdırılması baxımından internet mediası ənənəvi medianın yerini vermir və bu missiyanı da daşımır. Biz çap mediasında kifayət qədər özünü tənzimləyən və yeni jurnalist axınlarına qarşı özünü yenidən quran bir media sistemini görərik. Ancaq sosial jurnalistikanı vətəndaş jurnalistikasının tərkibi elementi kimi görə bilirikmi? Bunun özü də xeyli sual doğurur. Qarşılıqlı əlaqələr modeli – internet və çap mediasının vahid bir sistemdə bir-birinə söykənərək inkişafı daha önəmlidir. Təbii ki, müsbət və mənfi cəhətlər mövcuddur. Biz sosial mediada dəqiq, obyektiv, qərəzsiz, heç bir siyasi dona bürünmədən informasiyaların təqdimatını çox vaxt görmürük. Bu, onların işi də deyil. Biz çalışmalıyıq ki, vətəndaş jurnalistikasının Azərbaycanda formalaşdırma işini təkcə Bakı Dövlət Universiteti və Slavyan Universitetinin Jurnalistika fakültələrinin timsalında götürməyək, bu işə orta məktəblərdən başlayaq. Yəni sosial mediada davranış qaydaları artıq orta məktəbdə elm kimi tədris olunsun. Ümumiyyətlə, internet medianın müsbətə doğru dəyişməsi üçün gərək çox işlər görülsün.
- Onlayn medianın inkişafı ilə bərabər, KİV sıralarında qeyri-peşəkarların da sayı artmaqdadır. Fikirlər var ki, peşəkar jurnalistika sıralarını qeyri-peşəkarlardan özü təmizləməlidir.
- Sizin dediyiniz qeyri-peşəkarların mətbuata gəlişi təkcə bu günlə bağlı deyil. 1990-cı illərdə də belə idi. Qeyri-peşəkarlar Azərbaycan jurnalistikasının şərəfli statusundan istifadə etmək istəyirdilər. Onlar zaman-zaman var və sıralarını da genişləndirirlər. Həmçinin rənglərini və formalarını dəyişdirirlər. Onlar çap mediasından daha çox saytlara üz tutublar. Çünki çap mediası fərdi yaradıcılıq tələb edir. İnternet mediasında isə evlərində oturub bir kompyuterdən istifadə etməklə saytlardan xəbərləri "kopirovka” edib cəmiyyəti qıcıqlandırırlar. Onlar peşəkar jurnalistikanın qarşısında həmişə təpəciklər şəklində durublar. Hesab edirəm ki, onların elə də böyük çəkisi yoxdur. Bu baxımdan Azərbaycanın ictimai rəyinə təsir imkanları da yoxdur. Sadəcə, şəxsi mənfəət və maraqlarını güdən və öz həyatlarının təminatı üçün çalışan kiçik qruplar şəklindədirlər. Bəzən bu qruplar bir-biri ilə əlaqəli şəkildə, şəbəkə kimi formalaşırlar. Mənə elə gəlir ki, bu cür hallar tədricən sıradan çıxacaq. Ona görə buna təhlükəli hal kimi baxmağın da əleyhinəyəm. Mətbuat Şurası onlarla mübarizə istiqamətində müəyyən layihələr həyata keçirir, monitorinqlər aparır.
Onu da deyim ki, artıq saytların da KİV kimi qeydiyyatdan keçmək məsələsi gündəmdədir. Ancaq hansı saytlar peşəkardırsa, onların normal oxucu kütləsi varsa və Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarına uyğundurlarsa, onlar Mətbuat Şurasında təmsilçilik haqqı qazanırlar.
- Tez-tez ümumilikdə ünvanımıza belə bir qınaq eşidilir: "Nə üçün yalnız mənfi yüklü xəbərlər çatdırırsınız? Jurnalistikanın missiyası budurmu?” Bu qınağa cavabınız nədir?
- Jurnalistika cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə hansı hadisə baş verirsə, mətbuatda əksini tapmalıdır. Etiraf etməliyik ki, biz sovet sistemindən sonra yeni cəmiyyətə qədəm qoymuşuq və bu keçid mərhələsində müəyyən boşluqlar, təlatümlər yaranır. Özünü bu cəmiyyətdə görməyən, müəyyən kəsimlər, fərdlər kriminal hadisələr törədə, intihar edə bilərlər. Bunlar insan həyatı ilə bağlı faktorlardır. Eyni zamanda, jurnalistlər üçün bir faktdır. Bu xəbərləri çatdırmaq isə jurnalistin vəzifə borcudur. Biz, sadəcə, bəzən müsbət xəbərləri kriminal xəbərlərdən sonra veririk, bəzən müsbət informasiyaların çoxunu işıqlandırmırıq. Qınaq buna yönəlməlidir. Biz cəmiyyətə də örnəklər verməliyik. Azərbaycan mətbuatının inkişafında jurnalistikanın müəyyən töhfələri olmalıdır. Sən doğru xəbər siyasəti ilə bu cəmiyyətin intellektinin, mədəniyyətinin yüksəlməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, insanların öz fikrini sərbəst ifadə etməsinə təkan verməlisən. Bu tip informasiyaların qəzetlərdə azlığı bəzən qınaq yaradır. Bütövlükdə yanaşanda mənə elə gəlir ki, kriminal informasiyaların, mənfi yüklü xəbərlərin dərcini arxa plana keçirmək peşəkarlıq nümunəsi olmaz.
"Jurnalistlərin əməyini qiymətləndirən insanların çox olmasını istərdim”
- Cəmiyyətdə jurnalistlərin mövqeyini necə dəyərləndirirsiniz?
- Cəmiyyətin jurnalistlərdən umacağı çoxdur. Kiminsə bir problemi olursa: "Jurnalistlər hara baxır?” - deyirlər. Peşəkar fəaliyyətimiz baxımından işimizi görsək də, cəmiyyətdə jurnalistlərdən umacaqlar çoxdur.
- Hesab etsək ki, bizim də cəmiyyətdən umacaqlarımız var, o zaman jurnalistlər üçün ən böyük ödül nədir?
- Cəmiyyətdə öz qələminə hörmət edən, öz yerini bilən jurnalistikaya hörmətlə yanaşılsın. Günün 10-12 saatını kompyuter arxasında keçirən, informasiya arayan jurnalistin də evi, ailəsi var. Bəzən evimizə, ailəmizə o qədər vaxt sərf eləmirik, ancaq cəmiyyətin problemlərinin aradan qaldırılması və ictimailəşdirilməsi üzərində əlləşirik. Biz artıq jurnalistikanı özümüzün həyat tərzimizə çevirmişik. Şəxsi problemlərimizin fövqündə də bu amil dayanır. Jurnalistlərin əməyini qiymətləndirən insanların çox olmasını istərdim. Ancaq jurnalistlərə dövlətin qayğısı var. Mətbuatın 135 illik yubileyində Azərbaycan jurnalistlərinin fəxri adlarla, təltiflərlə mükafatlandırılması böyük amil idi. Bu, dövlətin ölkə jurnalistlərinə və azad sözə göstərdiyi diqqətdir. Hamı da elə hesab etməlidir ki, Azərbaycan cəmiyyətində jurnalistlər böyük bir ordudur. Necə ki, sərhədlərimizi qoruyan, ölkəni müdafiə edən, səngərlərdə döyüşən ordumuz var, eləcə də söz döyüşündə mübarizə aparan jurnalistlər ordusu var. İstərdim ki, Azərbaycan cəmiyyəti bizə də bir əsgər kimi baxsın.
1494 dəfə oxundu