KTN-dən kimlər kənarlaşdırılıb, kimlər vəzifəyə gətirilib? - ARAŞDIRMA

KTN-dən kimlər kənarlaşdırılıb, kimlər vəzifəyə gətirilib? -
Müzakirə edilən mövzulardan biri də qiymət artımı, kənd təsərrüfatında müxtəlif sahələr üzrə məhsuldarlığın azalması və qiymətlərə təsirsiz ötüşməməsidir.
Eləcə də ətin kiloqramının 18 manata kimi bahalaşması narahatçılıq doğuran mövzulardandır. Payızın gəlişi ilə pomidor, xiyar, kartof, soğan və s. kənd təsərrüfatı məhsullarının bahalaşmasından sonra isə qınaq obyekti kimi Kənd Təsərrüfatı Nazirliyi göstərilir. Deyilənlərdə və yazılanlarda həqiqətin olmadığını inkar etmək qeyri mümkündür. Çünki son aylar idxaldan aslılığın 2,6 % də artması rəsmi məlumat üzərindən bildirilib. Eləcə də ət idxalının bu şəkildə davam etməsi qiymətlərin 20 manata kimi balaşmaya səbəb olacağına dair ehtimalları artırıb.

Bəs vəziyyətin bu dərəcəyə gəlməsində hazırkı nazir Məcnun Məmmədovu günahlandırmaq doğrudurmu? Təbii ki, yox fikri yetərsay olar, çünki indiki nazir 3 ay bundan qabaq təyin olunub. Bir müddət əvvəl Hesablama Palatasının yaydığı və milyonların söhbəti gedən nəticələrin də yeni nazirə aidiyyatının olmadığı mətbuatda yazıldı.

Faktinfo.az saytı xatırladır ki, “Seleksiya yoxdur, toxumçuluq və gübrə siyasəti zaydır, dotasiya mexanizmləri istənilən səviyyədə işlək deyil və ən əsası fermerlərə ögey münasibət, onların isə hökumətə güvənsizliyi qalır", kimi fikirlər çox yazılıb, deyilib. Həmçinin, kənd təsərrüfatı məhsullarının son 5 ildə idxalının 800 milyon manatdan 4 dəfəyə kimi yüksəlməsində kadr seçiminin, düzgün təhlilə söykənən yanaşmanın olmadığı da mətbuatda vurğulanıb.

Və yaxud, mövsümi kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasına 7-8 ay qalmasına rəğmən, daha çox ət, kartof, soğan, kələm, kök və s. başqa dövlətlərdən gətirilməsində axtarılan səbəblərdən biri kimi, Kənd Təsərrüfatı Nazirliyini idarə edənlərin bu sahədən bixəbər olduqları saytlarda yayımlanıb. "Bunlar aqrar sektoru hara aparır", - deyən istehlakçı tənqidləri və ekspert rəyləri də internet üzərindən aparılan axtarışda görünür. Bütün olub-keçənlərə rəğmən, elə başa düşürük ki, hökumət də KTN-nin işindən hardasa, razı deyil.

Bu yerdə adamın ağlına gəlir ki, desin: bəlkə keçmiş nazirin səmimiyyətindən istifadə edildi? Bəlkə, əhəmiyyətli sahələrə rəhbərlik edənlər onu aldatdılar, yalan məlumatlar verdilər? Bəlkə suvarma suyu yoxdur? Bəlkə, mütəxəssisləri qeyri-peşəkarlar əvəz etdi deyə, vəziyyət bu şəkil aldı? Təbii bütün amillərin təsiri ola bilər.

Amma reallığa axırıncı sual daha yaxın olduğundan Faktinfo.az saytı sabiq nazir İnam Kərimovun zamanında kənd təsərrüfatı sektorundan işindən ayrılan bir sıra mütəxəssislərin siyahısını təqdim edir:

Seyfəddin Talıbov Kənd Təsərrüfatı Nazirinin müavini olub, vəzifəsindən uzaqlaşdırılıb.Yaxşı mütəxəssis və idarəçi kimi xarakterizə olunur. İlham Quliyevin də aqrar sektoru indiki nazir müavinlərindən yaxşı bildiyi qeyd edilir. O da nazir müavini vəzifəsindən uzaqlaşdırılıb. Hər iki nazir müavininin tez-tez rayonlarda olduqları, aqrar sahələrə baş çəkdikləri, fermerlərlə iş apardıqları da danışılır. KTN-nin aparat rəhbəri İlham Bayramov aqrar sektorun bütün sahələrini bilən, aktiv bir şəxs kimi bildirilir. Onunla da işlənilməyəcəyi diqqətinə çatdırılıb, zamanla işindən çıxarılıb.

Həmçinin, "Aqroservis" ASC-nin sədri Elşən Məmmədovun, onun müavini işləmiş Aydın Əzizovun işdən çıxarılması səhv qərar hesab edilir. Elşən Məmmədov və Aydın Əzizovun həddən ziyadə işlərini mükəmməl bilən savadlı və təcrübəli kadrlar olduğu, onları əvəz edənlərlə müqayisə olunmayacaq şəxslər hesab edilirlər.

O cümlədən, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən Taryel Pənahov, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun rəhbərliyindən Cavanşir Təlai, Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsinin direktoru Vüqar Mehdiyev, İkinci Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev, Heyvandarlığın İnkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov və digər onlarla əvəzsiz mütəxəssislərə qarşı haqsızlıq edilib.

Onlar kənd təsərrüfatı mütəxəssisləri ola-ola işdən kənarlaşdırılıblar. Mükəmməl hesab edilən bu şəxslərin işdən kənarlaşdırılmasından sonra onları əvəz edən "kadrlar" tərəfindən rayonlarda aqrar sektoru bilən mütəxəssislərə qarşı "səlib yürüşü" baş verib. Şəhərlə rabitə kəsilib. Necə deyərlər, "zər qədrini, zərgər bilər" məsəlinin bölgələr üçün bir əhəmiyyəti qalmayıb. Məsələn, Şəmkir DAİM-in direktoru Kamil Yusifov, Kürdəmir RAEM-in direktoru Kənan Əliyev, Tovuz, Ağstafa, Qazax DAİM-in direktorları və digər bölgələrdə aqronom, KT mexaniki, baytar, bitkiçi-alim işlərindən uzaqlaşdırılıblar. Onları isə kənd təsərrüfatına uyğun olmayan şəxslər əvəzləyiblər.

Aqrar Elm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi adlandırılmaqla mərkəzə rəhbər də kənardan gətirilib. Oradakı mədəni "inqilab" nəticəsində təcrübəli alim və mütəxəssislərin mütləq əksəriyyəti ixtisara salınıb.

Aqrar Xidmətlər Agentliyi yaradıldıqdan sonra bu qurumda rəhbər vəzifə daşıyan şəxslər də yerlərdə fermerlərlə işləyə bilən, onları narazı salmayan, mariflənmədə önəm kəsb edən alim-aqronomlara qarşı haqsızlıqlar ediblər. Nümunə üçün qeyd edək, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional İdarəsinin direktoru Naməddin Həsənovu. O da işdən uzaqlaşdırılıb. (Adam direktor vəzifəsini idarə etsə də, şöbə müdiri kimi rəsmiləşdirilibmiş, mətbuatda bu barədə kifayət qədər qeydlər var.) Bu şəxs bu günki günün özündə də mübarizə aparır. Ondan istənilən 25 min manatı verə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini yazır. Amma təəssüf ki, onun şikayətlərinə reaksiya verilmir. Belə nümunələr çoxdur və hələ də saytlara göndərilən şikayət ərzələri var.

Bəs aqrar sektora yad, amma bu sektoru idarə etmək üçün 5 il bundan qabaq rəhbər vəzifələrə kimlər gətirilib?

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ixtisasca fizik olduğu bildirilir. O, əvvəllər Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyində işləyib, ordan da Kənd Təsərrüfatı Nazirinə müavin təyin olunub. Digər müavinlər - Sarvan Cəfərov və İlhamə Qədimova da aqrar sektordan məlumatsız şəxslər hesabedilirlər.

"Aqroservis"ASC-nin sədri Elmin Rəhmanov və müavinləri, nazirlikdə şöbə müdirlərinin mütləq əksəriyyəti ixtisasca hüquqşünasdır, "Asan Xidmət"dən gətiriliblər. KTN-də kadrlar şöbəsinin adı Elm, Təhsil və İnsan Resursları şöbəsi adlandırılıb, orada İlham Süleymanov təyin edilib. Daxili Nəzarət Şöbəsinə də təyin olunanlar aidiyyatı olmayan işlərə imza atıblar. Bu barədə Zərdab DAİM-dən işdən çıxardılan mütəxəssisin mətbuatda açıqlamaları var.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə sabiq nazirin həmkəndlisi,qohumu Elmar Allahverdiyev təyin edib. Adam ixtisasca tarixçidir. Direktor olar-olmaz institutda böyük ölçüdə "islahat" aparıb. Kənd təsərrüfatının biliciləri olan bir sıra şəxslər oradan kənarlaşdırılıb. Hər halda bunu da ölkə mətbuatı zamanla qeyd edib.

KTN-nin xətti ilə milyon manatlar xərclənən, qarşılığı isə ölkədə ətin qiymətinin stimullaşdırılmasına xidmət etməli olan heyvandarlıq sovxozları var. Ayrılan dövlət vəsaiti hesabı ilə götürülsə, 10-a yaxın rayonda "Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-lər mövcuddur. Bu heyvandarlıq müəssisələrində minlərlə iri və xırda buynuzlu heyvanlar olmalıdır. Dövlət istisna hallarda qismən də olsa, ehtiyaclarını bu sovxozlar hesabına ödəməlidir. Yəni,bu heyvandarlıq sovxozları önəm kəsb edir. Amma təxmini bilinən odur ki, bu heyvandarlıq müəssisələrinə də dost-tanış, qohum-əqrəba rəhbərlik edir. Bu istiqamətdə bir örnək Ağstafadadır.

Beləliklə, müəyyənləşdirmək elə də çətin deyil: ölkəmiz kənd təsərrüfatı məhsulları baxımından niyə bu qədər idxaldan asılı vəziyyətə düşüb,müxtəlif sahələr üzrə məhsuldarlığın azalması və qiymətlərə təsiri nələrdən qaynaqlanır?

Kənd təsərrüfatının bu şəkildə idarə edilməsinin "normaya" çevrildiyi bir vaxtda şərti qəbul edək ki, 3 ay ət, kartof, soğan, kələm, kök, çuğundur, arpa, buğda və s. məhsullar Azərbaycana idxal olunmur. Sizcə, kənd təsərrüfatı məhsullarının qiyməti neçəyə olar?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...