Hakimdən reket jurnalistə maraqlı sual: "Neçə nitq hissəsi var?"

Hakimdən reket jurnalistə maraqlı sual:


“Hakimiyyət və gələcək", “Kriminal və bəşəriyyət”, "Korrupsiya və qanun”un 5 min manat "söhbəti" necə olub?

Bakı Ağır Cinayətlər Məhkəməsində şantajda təqsirləndirilən jurnalistlər Şahin Orucov və Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özllərini təqsirli hesab etməyiblər.

“Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi Şahin Orucov məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində qəzetin Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini və vergi ödəyicisi olduğunu bildirib: “Qəzetimdə 6 əməkdaş çalışır. Onlarla əmək müqaviləm yoxdur. Əməkdaşlar ictimai əsaslarla çalışırlar. Redaksiyamız “Azərbaycan” nəşriyyatında yerləşir”.

Təqsirləndirilən şəxs hadisə ilə bağlı təqsirkar olmadığını bildirib: “Redaksiyada oturmuşdum. Cəlil Məmmədov və Təbriz Dəmirov içəri girdilər. Cəlil “Korrupsiya və qanun” qəzetində çalışırdı. Onlar mənə Sumqayıt şəhəri ərazisində bir kafedə əxlaqsız yuvasının olduğunu bildirdilər. Eləcə də, həmin obyektdən video çəkilişi mənə göstərdilər. Dedim ki, araşdırıb yazarıq. Elə həmin gün Cəlil, mən, bir də redaksiyada çalışan iki qız əməkdaşımızla ora getdik. Kafenin sahibi Həsənqulu Quliyevlə görüşdük. Mübahisə düşdü, işçilərim müsahibə alırdılar. Həsənqulunun qardaşı Vasif bizimlə ağır danışdı. Oradan uzaqlaşdıq. Səhəri gün Cəlillə kafedə çay içirdik. Bu zaman Vəzir adlı şəxs mənə zəng elədi. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi tanıtdı. O bildirdi ki, həmin obyekt yiyələri peşman olublar, barışmaq istəyirlər. Mən isə bu barədə Cəlilə və Təbrizə bildirdim. Axşamı bir qadın zəng elədi. Adının Zöhrə, “Hakimiyyət və gələcək” qəzetində redaktor olduğunu bildirdi. Səhəri gün bizim redaksiya gəldi. Zöhrə xanım Həsənqulunun tanışı olduğunu və qarşı tərəfin barışmaq istəyini dedi. Mən yenidən Təbriz və Cəlilə bu barədə məlumat verdim. Təbriz barışmaq üçün 5 min manat pul istədi. Dedi ki, 5 min versinlər mən həmin kadrları silim. Mən həmin obyekt yiyəsinə zəng elədim. Həsənqulu bizim hamımız qonaqlığa dəvət elədi və bildirdi ki, qoyun kəsib bizi gözləyir. Mən, Şahin, Təbriz , Zöhrə xanım və əməkdaşımız Rəmziyyə Gözəlova kafeyə yollandıq. Bizə yaxşı qonaqlıq verdilər. Mən Həsənquluya dedim ki, Təbrizgil barışıq üçün 5 min manat istəyirlər. O, bu məbləğin həddindən artıq çox olduğunu bildirdi. Mən çölə çıxıb, Cəlil və Təbrizə bu haqda məlumat verdim. Həm də, çörək kəsdiyimizi və güzəştə getməklərini xahiş etdim. Təbriz 3 min manata qədər düşdü. Həsənqulu da razılaşdı. Maşına mindik. Zöhrə xanımla Sumqayıt yazılan yerdə görüşdük. 1000 manat pul verdi. Mən də 20 manatını Zöhrəyə verdim ki, taksi pulu edərsən. Qalan 980 manatı Təbriz götürdü. Səhəri gün Həsənqulu obyektdə çəkilən görüntüləri istədi. Mən Təbrizdən “flaşkartı” götürüb kafeyə getdim. Oturmuşduq, çay içirdik. Bu zaman Həsənqulu 1000 manat da stolun üstünə qoydu. Hələ götürməmişdim. Bu zaman polis əməkdaşları bizi saxladı. Mənim heç bir günahım yoxdur, mən pul götürməmişəm. Məqsədim onları barışdırmaq olub”.

“Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi ifadəsindən sonra hakim və prokurorun suallarını cavablandırıb.

Şahin Orucovdan sonra “Korrupsiya və qanun” qəzetinin baş redaktorunun 1-ci müavini Cəlil Səmədov ifadə verib. O, ifadəsində Rusiya Federasiyasının vətəndaşı olduğunu, hər üç aydan bir sərhədi keçdiyini qeyd edib: “ Qəzetin baş redaktoru məni baldızım idi. Onu tək qoymamaq üçün onun yanında olurdum. Tək yaşadığı üçün işlərində ona kömək edirdim. Təbriz Dəmirov bir gün gəldi ki, Sumqayıtdakı bir kafedə əxlaqsızlıq yuvası var. Ora getdik. Kafedə çay içməyə başladıq. Bir qadın gəldi. Onunla intim münasibətin qiyməti 25 manat olduğunu və əlavə 25 manat otağın qiyməti olduğunu bildirdi. 50 manat verdim. Bir müddət sonra qıza jurnalist olduğumuzu bildirdik. Qız anındaca 50 manatı qaytardı və rəhbərliyi çağırdı. Rəhbərlik gəldi, normal söhbət elədik. Çıxdıq, Şahin müəllimin yanına gəldik. O, zaman bizim baş redaktorun anası rəhmətə getmişdi. Şahin müəllim məsələni araşdıracağını bildirdi. Onunla bir neçə dəfə həmin kafeyə getdik. Bir dəfə də Vasif Quliyev bizi söyüb, oradan qovdu. Sonrada Şahinlə əlaqə saxlayıb, barışmaq istədiklərini bildirilər. Yeyib-içməyə getdik. Pul söhbətinin üstündən xətt çəkdim. Dedim ki, çörək kəsdiyimiz adamdır. Kafedən çıxanda Zöhrə xanım pul verdi. Dedi qalanını verəcəklər. Mən o puldan 20 qəpik də götürməmişəm. Pulun hamısını Təbriz götürüb”.

Bundan sonra şahid qismində Həsənqulu Quliyevin qardaşı Vasif Quliyev ifadə verib. O, ifadəsində kafenin sahibi olduğunu bildirib: “Mənim şikayətim yoxdur, tələbim də. Kafenin yiyəsi mənəm. Qardaşım isə mənə kömək edib. Kafeni icarəyə götürmüşəm, ayda 800 manat verirəm. Ayda dövlətə də 170 manat vergi ödəyirəm”.

Hakim kafedə çalışan qızların əmək müqaviləsinin olub-olmadığını soruşub. Şahid cavab olaraq bildirib ki, qızlar təzə işə gəlirdilər, hələ müqavilə bağlanmayıb.

O, ifadəsini davam etdirib: “Qız gəldi ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsindən gəliblər. Mən düşdüm aşağı, Təbriz və Cəlil adlı şəxslərdir. Orda bildim ki, jurnalistlərdir. Onlar əllərində video çəkilişlər olduğunu və bunu qəzetdə yayacaqlarını bildirdilər. Mənim özüm həm Əfqanıstan, həm də ki Qarabağ əliliyəm. Sonra biz Zöhrə xanım vasitəsi ilə Şahinlə tanış olduq. Şahin söhbətlərdə vasitəçilik edirdi. Biz barışmaq istəyirdik. Bir gün mənə dedi ki, barışmaq üçün 5 min manat pul istəyirlər. Pis təsir etdi. Yuxarıda dostlar var, onlara dedim ki, məsələ bu cürdür. Oradan dedilər ki, sən pulu ver, işin yoxdur. 1000 manat verdim, ikinci dəfə verəndə gəlib tutdular. Məndən pulu Təbriz istəyirdi, Şahin də vasitəçilik edirdi. Cəlildə onlarla gəlib-gedirdi”.

Vasif Quliyevdən sonra “Hakimiyyət və gələcək” qəzetinin redaktoru Zöhrə Babayeva ifadə verib. O, ifadəsində Həsənqulunun əvvəlcədən tanıdığı bildirib: “Nəşriyyatdaydım, Həsənqulu zəng edib, məsələni dedi. Şahini tapıb, onunla görüşdüm. Görüş zamanı tərəflərin barışmasını istəyirdim. Özümdə peşman oldum ki, bu cür hadisə oldu. Mən tək, tənha qadınam. Sizdən xahiş edərəm ki, məni bu zibildən çıxarın. Çünki çox qorxuram. Getdik, barışdırdıq. Mənə Həsənqulu 1000 manat verdi. Mən də taksidə Şahinə 1000 manatı verdim. O, mənə 20 manat pul verdi. Bir də bir neçə gün sonra nəşriyyatda 30 manat verdilər. Qalan məsələlərdən xəbərim yoxdur”.

Zöhrə Babayevadan sonra “Kriminal və bəşəriyyət” qəzetinin müxbiri Rəmziyyə Gözəlova ifadə verib. O, ifadəsində orta təhsilli olduğunu və qəzetdə ictimai əsaslarla çalışdığını bildirib. Hakimlər jurnalist Rəmziyyə Gözəlovaya Azərbaycan dilində neçə nitq hissəsinin olduğunu soruşub. Jurnalist sualı cavablandıra bilməyib. Hakim bu cür şəxslərin Azərbaycan mətbuatında necə təmsil olunduqları anlamadığını bildirib.

Qeyd edək ki, Təbriz Dəmirov, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metalurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video-görüntülər çəkiblər. Sonradan bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Şahin Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Məmmədov, “Korrupsiya və qanun” qəzetinin baş redaktorun birinci müavini, Təbriz Dəmirov isə müstəqil jurnalist olub.

Təbriz Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...