“Düzünü danışsa, onu bağışlayacağam" - Qətlə yetirilən qızın atası

 “Düzünü danışsa, onu bağışlayacağam" -

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı Gülpəri Aslanlını qətlə yetirməkdə ittiham olunan 55 yaşlı Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib. Prosesdə şahid Rüstəm Həsənəliyev dindirilib. O, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində Nəqiyyatın təşkili və parklanma sektorunun müdir müavini vəzifəsində işlədiyini deyib: "Vidadi Qarayev 2014-cü ildən müqavilə əsasında yeraltı keçiddə mağaza işlədib. Müqavilə işlərinə mən baxmıram. Buna idarədə maliyyə şöbəsi baxırdı. Vidadini ancaq keçiddən istifadə edəndə görürdüm. Onunla salamlaşırdım. Aramızda ünsiyyət olmayıb".

Mərhumun atası Rasim Məhəmmədi çıxış edib. O, qeyd edib ki, ötən prosesdə V.Qarayev qızının xalası ilə birgə onun yanına gəlməsi barədə ifadə verib. Zərərçəkmiş təqsirləndirilən şəxsə fotolar təqdim edib: "Əgər həmin qadını tanısa, mən Vidadini əfv edəcəm. Qızımı Vidadinin öldürməsinə inanmıram. Onu başqası öldürüb. Əgər qatilin kim olduğunu desə, düzgün məlumat versə, ondan şikayətçi olmayacağam, tutulmağa qoymayacağam".

Zərərçəkmiş məhkəmədən mərhum qızının işinə düzgün baxılmasını xahiş edib.

V.Qarayev fotodakı qadını tanıya bilməsə də, qətli özünün törətdiyini deyib: "Onu mən öldürmüşəm".

Məhkəmə istintaqı yekunlaşıb.


Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttihama görə, V.Qarayev Tərtər rayon sakini olan tanışı Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...