Neft ucuzlaşır, onlar niyə sevinirlər?

Neft ucuzlaşır, onlar niyə sevinirlər?


Sanki qisas alırlar.

Toy-bayram edirlər.

Neft ucuzlaşır. Bir az da ucuzlaşsın.

Toplumun qısırlılıq sorunu üzə çıxır. Daha çox sevinənlər kimlərdir? Evdə oturub, 30 ildir torpağa bir toxum əkməyən, ələbaxımlılığa öyrəşmis, siyasi mübarizədə uğurun açarını insanların faciəsində, kasıblığında, dövlətin böhran durumuna düşməsində görənlər...

Neft baha satılsa, ölkənin gəlirləri artsa, dövlət daha qüdrətli olsa kim itirəcək?

Martın ilk günlərindən ölkədə karantin rejimi tətbiq edilir. Artıq insanların zərərini qarşılamaq üçün 3 milyard manatdan çox vəsait yalnız yardım, konpensasiya halında vətəndaşlara ayrılıb. Dövlət başçısının birbaşa göstərişi ilə çeşidli dəstək proqramları icra edilir, masa üzərində daha onlarla proqram, təklif var, müzakirə edilir. Bir çoxunun icrasına yaxın günlərdə başlanacaq.

Bütün bunlar neftin pulu deyilmi...

Amma neft ucuzlaşır deyə, zurna-balabanla ortada gəzənləri anlamaq olmur...

Əgər neftsiz Azərbaycana geri qayıdaraq 2000-ci illərin əvvələrinə dönmək, yenidən insanların sosial ağır durumundan faydalanaraq siyasi mübarizə aparmaq istəyirlərsə... yanılırlar.

Yeni dünya düzənində geri qayıtmaq mümkünsüzdür. Təfəkkür dəyişməlidir. Toplumun milli sərvətlərə, dövlətə və dövlətçiliyə olan təfəkkürünü dəyişdirmək lazımdır. Ağır günlər, istər pandemiya dönəmi olsun, istər təbii fəlakətlər, istərsə də müharibə dönəmi, bu dönəmlər siyasi baxışlarından asılı olmayaraq hamı bir bayraq altında birləşməyi bacarmalıdır.

Tutaq ki, dünyada neftin qiyməti 0-ın altında oldu. Azərbaycanın gəlirləri dayandı. Bir neçə il ehtiyat fondundan ayrılan vəsaitlə yaşadıq o da bitdi. Dünyada neftin qiyməti qalxmadı. Və elə tutaq ki, insanlar yenə ac qalıb etiraza qalxdı. Siz ey sevinənlər gəldiz oldunuz iqtidar. Necə dəyişəcəksiz, dünyada böhran varkən, dünyada aclıq və yeni iqtisadi münasibətlər formalaşarkən siz 90-ların qısas, asmaq, öldürmək, intiqam almaq hissi ilə alışıb yanan, düşüncələrinizlə necə düzəldəcəksiniz? Heç olmasa özünüz düzəlin...

Siyasi mübarizəni, tələbləri ifadə edərkən insanların faciələrinə sevinib, xarabalıqlar üzərində reallaşdırmaq istəyənlər dünyanın düzəni də iqtidarlara münasibəti də, müxalifəti iqtidar etmək istəyənlər də dəyişiblər...

Dəyişmək lazımdırsa onu xalq edir. Xalq tələb edir. Xalq daha yaxşı yaşamaq istəyir. Bu onun haqqıdır. Bunu istəməkdə, arzu etməkdə, tələb etməkdə də haqlıdır. Amma və lakin xalq qoynunda alqana qərq olmuş, aclıqdan halsız düşmüş, susuzluqdan dodaqları çat-çat olmuş övlad görmək istəmir.

İstəyirsiniz sevinin, istəyirsiniz kədərlənin, neftin qiyməti dünyanın şərtləri tənzimləyir. Nə dua edirəm, nə də bəddua. Olsun. Bu da keçər, Azərbaycan vətəndaşlarının sosial rifahını daha da yüksək tutmaq üçün duyğulara deyil, reallıqlara köklənin.

Axı Azərbaycan bizim ANA vətənimizdir. Bu günlər daha çox milli həmrəyliyə ehtiyacımız var. Sevgi və barış,

Azərbaycanımız uğruna bu aralar təmkinli olaq...

Razi Abasbəyli. 21.04.2020

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...