DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
Dövlət Gömrük Komitəsi (DGK) "Körpü-Bina Tikinti" şirkətini inzibati məsuliyyətə cəlb edib.
Qaynarinfo-nun məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir.
485.2-ci maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. Bu maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.
Cari ilin yanvar ayında da şirkət barəsində 485.2-ci maddə ilə inzibati iş başlanmışdı. İşin nəticəsi haqqında açıq mənbələrdə məlumat yoxdur.
"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət təsis ediləndə nizamnamə kapitalı 40 manat olub. 2016-cı ildə isə MMC-nin nizamnamə kapitalı 300 000 manata çatdırlıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 1-də yerləşən şirekətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. Şirkətin sahibinin də əslində Xəlil Göyüşov olduğu bildirilir.
"Kötpü-Bina Tikinti" MMC oktyabr ayında Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, su basdığına görə 2 nəfərin öldüyü tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib.
Sonda qeyd edək ki, şirkət bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) keçirdiyi 138 800 096 manatlıq tenderin qalibi seçilib.
İKZF bu məbləğə şirkətdən 40 000 kv.metrlik yaşayış sahəsi alacaq. Bu halda yaşayış sahəsinin 1 kv.metrinin qiyməti 3 470 manat edir.
43 dəfə oxundu