BMT-də Ermənistanın 30 il ərzində işğal altında tutduğu ərazilərdə faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı haqqında məlumat verilib

BMT-də Ermənistanın 30 il ərzində işğal altında tutduğu ərazilərdə faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı haqqında məlumat verilib

“Münaqişənin başa çatmasına baxmayaraq Azərbaycan ərazisində sülhməramlıların müvəqqəti yerləşdirildiyi bölgədə faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı dayandırılmayıb. Bu, ötən il dekabrın 12-də başlayan və bu günə qədər davam edən Laçın-Xankəndi yolunda eko-fəalların dinc etirazlarına səbəb olub”.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində baş tutan "Mülki əhalinin müdafiəsi: Silahlı münaqişələr zamanı mülki əhali üçün su ilə bağlı əsas xidmətlərin və infrastrukturun daha yaxşı mühafizəsinə nail olmaq" mövzusunda keçirilən iclasında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, silahlı münaqişələr zamanı su ehtiyatlarına qarşı hücumlar və suya çıxışın məhdudlaşdırılması tez-tez müharibə üsulu kimi istifadə olunur:

"Ermənistan Azərbaycan ərazilərinin 30 ilə yaxın qanunsuz işğalı zamanı vəhşiliklə cinayətlər törətmək və bölgədə etnik təmizləmə aparmaqla yanaşı, ölkəmizin ətraf mühitinə geniş, uzunmüddətli və ciddi ziyan vurub. Ermənistan uzun illər işğal altında saxladığı ərazilərdə mineral ehtiyatları istismar etmiş və bunun üçün şərait yaradıb.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP-in) Azərbaycanın münaqişədən təsirlənmiş regionları üçün Ətraf Mühitin Mühafizəsi üzrə Missiyasının 2022-ci il aprel hesabatında qeyd edilib ki, bölgədə mədən əməliyyatları ümumiyyətlə qeyri-adekvat, ekoloji nəzarət olmadan, o cümlədən təmizlənmənin idarə edilməsi və sahənin bərpası reallaşmadan aparılıb. Münaqişənin başa çatmasına baxmayaraq Azərbaycan ərazisində sülhməramlıların müvəqqəti yerləşdirildiyi bölgədə faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı dayandırılmayıb. Bu, ötən il dekabrın 12-də başlayan və bu günə qədər davam edən Laçın-Xankəndi yolunda eko-fəalların dinc etirazlarına səbəb olub. Azərbaycanın monitorinq aparmaq və ətraf mühitə potensial zərər və riskləri qiymətləndirmək istəyən müvafiq dövlət qurumları hələ də həmin ərazilərə buraxılmır".

Nazir əlavə edib ki, Ermənistan mədən əməliyyatları ilə Azərbaycana axan transsərhəd çaylarını, o cümlədən ölkənin cənub-qərbində əsas içməli və suvarma suyu mənbəyi olan Oxçuçayı çirkləndirməkdə davam edir:

"İşğaldan azad edilmiş ərazilərin minalarla çirklənməsi monitorinq və reabilitasiya işlərini geniş şəkildə həyata keçirmək imkanlarımızı məhdudlaşdırır. Bu problem Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma prosesini və məcburi köçkünlərin geri qayıtmasını ləngidir. Azərbaycan minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişafın Məqsədlərinin (DİM) icrasının işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir. Biz ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik. Bu ilin əvvəlində Azərbaycan Avropanın vəhşi təbiətin və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsində dövlətlərarası arbitraja başlayıb. Bu əlamətdar arbitraj işi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın ətraf mühitini və biomüxtəlifliyini geniş şəkildə məhv etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək məqsədi daşıyır. Ətraf mühitin qorunması, təhlükəsiz su təminatının təmin edilməsi sahələrində, eləcə də ekoloji cinayətlərə və təbii ehtiyatların qeyri-qanuni istismarına qarşı mübarizədə əməkdaşlıq çox vacibdir".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...