Nazirlikdən poçt xidmətləri üzrə qiymətlərin artırılması ilə bağlı AÇIQLAMA

Nazirlikdən poçt xidmətləri üzrə qiymətlərin artırılması ilə bağlı

Məlum olduğu kimi, “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri (UPX) üzrə tariflər yenilənib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilib ki, buna səbəb “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olmasıdır.

Qeyd edilib ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əməkhaqqılarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.

Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” MMC üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib.

Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.

Qeyd edək ki, tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.

Sonda vurğulanıb ki, sözügedən xidmətlər daha çox dövlət qurumları tərəfindən istifadə olunur (80-85 faiz), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...