Moskvada Əliyevlə Paşinyan arasında mübahisə: Putin müdaxilə etdi - VİDEO

Moskvada Əliyevlə Paşinyan arasında mübahisə: Putin müdaxilə etdi -
Xəbər verdiyimiz kimi, dünən Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, iclasda "Zəngəzur dəhlizi" ifadəsinə görə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mübahisə baş verib.
Belə ki, çıxışlardan sonra Paşinyan Rusiya Prezidenti Vladimir Putindən söz istəyib və İlham Əliyevin səsləndirdiyinə fikir bildirib:
"Azərbaycan prezidentinin işlətdiyi ifadə son illər Ermənistana qarşı ərazi iddiaları irəli sürmək üçün pərdə rolunu oynayır. Mən vurğulamaq istəyirəm ki, üçtərəfli bəyanatda yalnız bir dəhliz keçir və bu, Laçın dəhlizidir. Bəyanata görə dəhlizə Rusiya sülhməramlıları nəzarət etməlidir, lakin təəssüf ki, dəhliz Azərbaycan tərəfindən qeyri-qanuni olaraq bloklanır".
Bundan sonra Putin qeyd edib ki, İlham Əliyev 1991-ci il sazişləri ilə təsdiq edilmiş müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışıb:
"Bu şərtlər onu deməyə əsas verir ki, Ermənistanla Azərbaycan arasında müvafiq razılıqlar əldə oluna bilər, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə. Şadam ki, Ermənistan da müsbət fikirdədir. Ümid edirəm ki, üçtərəfli görüşdə bu barədə daha ətraflı danışa və müzakirə edə bilərik".
Daha sonra İlham Əliyev söz istəyib və bildirib ki, diskussiya açmaq istəmir, lakin Ermənistan baş nazirinin ittihamlarını cavabsız qoya bilməz:
"Ermənistanın ərazi bütövlüyünə qarşı heç bir iddiamız yoxdur. İnsan gərək vəhşi təxəyyül sahibi olsun ki, burada ərazi iddialarını görsün. İstifadə etdiyim dəhliz sözünə gəlincə, mən bu sözü Şimal-Cənub, Şərq-Qərb dəhlizinə münasibətdə işlətmişəm. Dəhliz sözü heç bir halda kiminsə ərazisinə iddia deyil".
Buna Ermənistanın Baş naziri yenidən reaksiya verərək bildirib:
"9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mətni ilə tanış olan insanlar yaxşı bilirlər ki, mətndə "dəhliz" sözünün işlədilməsinin bir nümunəsi var və kontekstdə bu sözün xüsusi mənası var. Lakin təəssüf ki, qeyri-qanuni olaraq Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan bu dəhlizi bağlayıb. Ümid edirəm ki, Stepanakert (Xankəndi - red.) və Bakı arasında Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi ilə bağlı və beynəlxalq mexanizm çərçivəsində konstruktiv dialoq tezliklə başlayacaq".
Buna cavab olaraq Azərbaycan prezidenti Paşinyanın yenidən ittihamlar səsləndirdiyini bildirib:
"Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm. Laçın-Xankəndi yolu açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir".
Ermənistanın baş naziri cavabında bildirib ki, Rusiyanın bu layihəni dəstəklədiyi onda maraq yaradıb:
"Mən bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını dəstəkləyir. Siz Laçın yolu dediniz. Üçtərəfli bəyanata görə, Laçın yolu yoxdur. Laçın dəhlizi var. Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq missiyanın göndərilməsi vacibdir".
Bundan sonra Putin söz alıb və sədr kimi üçtərəfli görüş çərçivəsində mövzu ilə bağlı növbəti müzakirələri davam etdirməyi təklif edib:
"Terminologiya, əlbəttə ki, vacibdir, lakin Ermənistan və Azərbaycan tərəflərinin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində konkret razılıq əldə etməsi daha vacibdir. Ümid edirəm ki, üçtərəfli görüşdə vəziyyətin konstruktiv həllinə gətirib çıxaracaq razılaşmalar əldə olunacaq".
Bundan sonra İlham Əliyev gülərək soruşub:
"Davam etməyək, hə?".
"İmkan varsa, xahiş edərdim ki, burda bitirək", - Putin bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...