"Bədənindəki gülləni həkimlər evdə çıxardı” - Deputatın xanımı

"Bədənindəki gülləni həkimlər evdə çıxardı” -

Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalaz Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb. Bu barədə Lent.az-a deputatın həyat yoldaşı Zülfiyyə xanım danışıb.

Xanımı bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər: “Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər”.

Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib: “İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.

Xatırladaq ki, martın 28-i saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir, həyati təhlükəsi yoxdur.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...