“Prezident əfv eləyibsə, daha bunlar məndən nə istəyir?”

“Prezident əfv eləyibsə, daha bunlar məndən nə istəyir?”
Neftçala sakini Bəhruz Əliyev 4 il həbs həyatı yaşayıb. O, 2022-ci ilin mayında əfv sərəncamıyla azadlığa buraxılıb. B.Əliyev prezidentin onu əfv etməsinə baxmayaraq, dövlət orqanlarının hökmdəki əlavə cəzanı aradan qaldırmaq istəmiklərini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Meydan TV-yə danışıb.
Məlumata görə, 38 yaşlı Bəhruz Əliyev “nia.az” saytının (“Neytral” informasiya agentliyi) rəhbəri olub. Bu sayt 2012-ci ildə yaradılıb. Rəhbəri isə 2018-ci il mayın 30-da Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4 (hədə-qorxu ilə rüşvət alma) maddələrilə həbs olunub. Elə həmin ilin noyabrında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə bu ittihamlarla 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, ona bununla yanaşı, əlavə cəza da təyin edilib. O, iki il ərzində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tuta, jurnalistika fəaliyyətilə də məşğul ola bilməz.
Bəhruz Əliyevin sözlərinə görə, prezidentin 27 may 2022-ci il tarixli əfv sərəncamıyla azadlığa buraxılandan az sonra Neftçala Rayon Probasiya şöbəsinə çağırılıb. Ona jurnalistika fəaliyyətilə məşğul ola bilməyəcəyi deyilib, hökmdə bununla bağlı qadağa olduğu xatırladılıb:
“Mən isə bildirdim ki, jurnalistika lisenziya, xüsusi icazə ilə məşğul olmalı peşə deyil. İkincisi, mən əfv olunmuşam, deməli, haqqımdakı cəza da qüvvəsini itirib. Axı əfv sərəncamında yoxdur ki, mənimlə bağlı hökmün azadlıqdan məhrumetmə hissəsi bağışlanır, əlavə cəza hissəsi yox. Belə olan halda, nəyə əsaslanıb, mənə maneə yaradırlar, başa düşmürəm. Prezident əfv eləyibsə, daha bunlar nə istəyir?”
Bildirilib ki, Bəhruz Əliyev 2018-ci ildə məhkəmə hökmüylə ona verilmiş əlavə cəzanın aradan qaldırılmasıyla bağlı məsələnin həlli üçün Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə müraciət edib.
Bu qurum isə onun müraciətini Şirvan Regional Ədliyyə İdarəsinə yönləndirib.
Bəhruz Əliyev deyib ki, ərizəsinin bu quruma yönləndirilməsindən 4 aydan çox vaxt keçsə də, ortada heç bir nəticə yoxdur.
Bəhruz Əliyevlə bağlı bu quruma ünvanlanan suallar cavabsız qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...