“İskəndər” Bakıya atılıb və göydə vurulub? - Britaniya saytı

“İskəndər” Bakıya atılıb və göydə vurulub? -

Böyük Britaniyanın “Middle East Eye” saytında “Azərbaycan-Ermənistan münaqişəsi: İsrail istehsalı olan müdafiə sistemi Yerevanın Bakıya atdığı, Rusiya istehsalı olan raketi zərərsizləşdirib” başlıqlı məqalə dərc olunub. Məqalədə ad çəkilmədən yüksək rütbəli rəsmilərdən birinə istinadla iddia olunur ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8” raketdən müdafiə sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün olub.

Məqalənin müəllifi “Middle East Eye” saytının Ankara bürosunun müxbiri Ragıp Soyludur. Ragıp Soylu əvvəllər Türkiyə KİV-lərinin – ingilis dilində çıxan “Daily Sabah” qəzetinin və ATV kanalının Vaşinqton və London bürolarında müxbir kimi çalışıb. O həmçinin CNN, “Foreign Policy” və digər KİV-lər üçün yazılar hazırlayıb.

GUNDEMİNFO.AZ-ın məlumatına görə, Ragıp Soylunun “Middle East Eye” saytında dərc olunan məqaləsini Novator.az ingiliscədən çevirib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

***

Ermənistan ötən ilin noyabr ayında, Qarabağ müharibəsi dövründə Bakını ən azı bir dəfə Rusiya istehsalı olan qısa mənzilli “İskəndər” ballistik raketi ilə hədəf alıb. Lakin Azərbaycan raketi zərərsizləşdirib. Bu hadisə barədə “Middle East Eye” saytını yüksək rütbəli rəsmilərdən biri məlumatlandırıb.

Altı həftə davam edən ağır döyüşlərin gedişində Azərbaycan Ordusu strateji əhəmiyyətli Şuşa şəhərini nəzarətə götürəndən sonra Azərbaycan və Ermənistan Rusiya və Türkiyənin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəldilər.

Yüksək rütbəli rəsminin sözlərinə görə, Rusiya mübahisəli ərazidə sürətlə irəliləyən Azərbaycanı atəşkəsə razı salmaq üçün Ermənistanı “İskəndər” raketlərindən istifadə etməyə təhrik edib və raketlərin işə salınmasına maddi dəstək verib.

“Yerevan “İskəndər” ballistik raketini atəşkəsdən bir neçə gün əvvəl paytaxt Bakını hədəf alaraq atdı. Ermənistanın bu həmləsi Azərbaycanın səlahiyyətli orqanlarını narahat edirdi. Lakin Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8″ raketdən müdafiə sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün oldu” deyə yüksək rütbəli rəsmi vurğulayıb.

O deyib: “Bu raketlərdən təkrar istifadə bölgədə vəziyyəti həqiqətən də pisləşdirə bilərdi. Hesab edirəm ki, digər məsələlərlə yanaşı, raket hücumu da Azərbaycan rəhbərliyini atəşkəsə getməyə vadar etdi”.

Ötən ilin noyabrında müharibədə iştirak edən yüksək rütbəli erməni hərbçi jurnalistlərə müsahibə verərkən Yerevanın Azərbaycana qısa mənzilli ballistik raket atdığını təsdiqləyib: “Müharibə zamanı qısa mənzilli ballistik raketdən istifadə olunub. Amma harada istifadə olunduğunu deyə bilməyəcəm”. “Bloomberg” agentliyinin yazdığına görə, bu məlumatı general-polkovnik Movses Akopyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsindən istefaya gedəndən sonra açıqlayıb.

“Rusiya həmçinin müharibə dövründə “vicdanı yol verdiyi həddə” Yerevana hərbi sursat göndərib” deyə Movses Akopyan qeyd edib.

Azərbaycanda “İskəndər” kimi raketləri zərərsizləşdirmək üçün 12 atıcı qurğusu və 75 yer-hava tipli raketi olan “Barak 8” kompleksinin yerüstü versiyası var. Azərbaycan bu sistemi 2018-ci ildə alaraq sınaqdan keçirib.

Ötən il noyabrın 9-da atəşkəs imzalanmazdan bir neçə saat əvvəl sosial şəbəkədə yayılan bir videoda Ermənistanın Azərbaycan ərazisinə “İskəndər” raketi atdığı nümayiş edilirdi.

Türkiyənin İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM-ın) Təhlükəsizlik və Müdafiə Proqramının direktoru Can Kasapoğlu “Middle East Eye” saytına bildirib ki, “İskəndər” sistemləri mobil kompleksdir və Dağlıq Qarabağdan bu raketlərlə Bakını hədəf almaq mümkündür.

Can Kasapoğlu deyib: “Ermənistanın Azərbaycanı atəşkəsə məcbur etmək üçün son çıxış yolu kimi “İskəndər” raketindən istifadə etmək istəməsi kifayət qədər ağlabatandır. Ermənistan döyüş meydanında Azərbaycanın müasir silahları qarşısında aciz qaldığına görə “İskəndər” raketindən istifadə onun müharibənin gedişatını dəyişmək cəhdlərinə uyğun gəlir”.

Müharibənin ilk dövrlərində Ermənistan hərbi qüvvələri Azərbaycanı “Toçka” və “Skad” raketləri ilə hədəf almışdı. Kasapoğlu hesab edir ki, vəziyyət getdikcə pisləşdiyinə görə Ermənistanın “İskəndər” kimi daha müasir raket modellərinə üstünlük verməsi başadüşüləndir: “Əlbəttə, Ermənistanın bu raketlərlə mülki şəxsləri hədəf alması müharibə cinayəti idi”.

Kasapoğlu açıq mənbələrdən əldə etdiyi informasiya əsasında yaxın günlərdə Ermənistanın müharibə zamanı “İskəndər” sistemlərindən istifadə etməsi barədə məruzə hazırlayacaq. O, araşdırma apararaq öyrənib ki, Ermənistan raketi atəşkəs bəyanatı imzalanmazdan 24 və ya 48 saat qabaq atıb.

Kasapoğlu deyib: “Raketləri idarəetmə mərkəzi erməni və rus hərbçiləri tərəfindən birlikdə istifadə olunduğuna görə biz hesab edirik ki, bu raketin atılmasında Rusiyanın da payı var”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən həftə jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın Azərbaycan ərazisinə bir neçə ballistik raket atdığını və regiondakı ölkələrin bu raketləri izləmək imkanına malik olduğunu vurğulayıb.

Ötən ilin oktyabr ayında Ermənistanın raket hücumları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhali arasında ölümlərə səbəb olub. Azərbaycandan verilən məlumata görə, 300 kilometr məsafəli orta mənzilli ən azı iki raket Bakının yaxınlığındakı rayonlarda zərərsizləşdirilib.

Həm Azərbaycan, həm də Ermənistan mübahisəli Dağlıq Qarabağ regionunda müharibə cinayətləri törətməkdə və zorakılıq hallarına yol verməkdə ittiham olunur.

Ermənistanda gərginlik

“İskəndər” barədə açıqlama ötən həftə, bu raketlərin müharibə dövründə nə dərəcədə effektiv olmasına dair baş nazir Nikol Paşinyanla Ermənistanın hərbi liderləri arasında ortaya çıxan ictimai mübahisənin ölkədə ciddi siyasi qeyri-müəyyənlik yaratdığı bir vaxtda verilib.

Türkiyənin dəstəklədiyi qüvvələr erməni ordusunu darmadağın edəndən sonra Azərbaycan Dağlıq Qarabağda tam qələbə çaldığını elan edib.

Paşinyan ötən həftə müsahibə verərkən raketlərin köhnə olduğuna görə partlamadığını və cəmi 10 faiz effektiv olduğunu qeyd edib.

Ermənistanın yüksək rütbəli hərbi məmurlarından biri olan Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan baş nazirin sözlərini istehza ilə qarşılayıb və ardınca Paşinyan Xaçatryanı vəzifəsindən uzaqlaşdırıb.

Buna cavab olaraq ötən həftənin cümə axşamı hərbçilər Nikol Paşinyanın Dağlıq Qarabağdakı məğlubiyyətdən sonra kritik bir məqamda düzgün qərarlar verə bilmədiyinə görə istefaya getməsini tələb ediblər.

Paşinyan bu bəyanatı “dövlət çevrilişinə cəhd” adlandıraraq yüksək rütbəli hərbi liderləri vəzifələrindən kənarlaşdırmağa çalışsa da, prezident Armen Sərkisyandan lazımi dəstək ala bilməyib.

Bir neçə gün davam edən etirazlardan və hərbçilərin qəti mövqeyini görəndən sonra Paşinyan bu həftənin bazar ertəsi günü öz mətbuat katibi vasitəsilə yaranmış vəziyyət haqqında “lazımi qədər məlumatlı olmadığını” bildirərək geri addım atmağa məcbur olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...