Tetçer İran şahına sığınacaq verməkdən imtina edibmiş

Tetçer İran şahına sığınacaq verməkdən imtina edibmiş


“The Guardian” yazır ki, Britaniya Milli Arxivindən yenicə açıqlanmış məxfi sənədlər rəsmi Londonun 1979-cu il inqilabı nəticəsində devrilmiş İran şahına siyasi sığınacaq veməkdən imtina etdiyini göstərir. Hələ 2009-cu ildə açıqlanmış sənədlərdən bəlli olmuşdu ki, Britaniya, devrildikdən az sonra ailəsi ilə “qumar cənnəti” Baham adalarında dincələn şahın yanına emissar göndərərək ona Birləşmiş Krallıqda sığınacaq verilməsinin mümkün olmadığını bildirib.

London o zaman bu qərarını özünün Tehrandakı diplomatlarına qarşı qəsd ola biləcəyi ehtimalı ilə izah edib. İndi açıqlanmış sənədlərdən isə bəlli olur ki, Douning Street Tehrandakı diplomatların taleyindən narahatlığa görə tanınmış vəkili şahın müdafiəsindən çəkinməyə çağırıb. Sənədlər göstərir ki, Baham adalarına şahı görmək üçün qondarma adla gedən keçmiş Britaniya səfiri lord Denis Rayt Londona göndərdiyi məxfi teleqramda şahın acınacaqlı vəziyyətdə olmasından yazıb.

Margaret Tetçerə göndərilən məxfi məktubda deyilirdi ki, “indi İran şahının əshabələri bir ovuc qvardiyaçıdan, qulluqçulardan və avropalı dayədən ibarətdir. Evdəki qulluqçular qaradərilidir”.

“Böyük dostdan” çevrilən üzlər

“The Guardian” yazır ki, İslam inqilabından 35 il keçəndən sonra da o vaxt baş vermis təlatümün təfərrüatları naməlum qalır, lakin ABŞ və Britaniyada açıqlanmış sənədlər Qərbin şahdan necə sürətlə üz çevirdiyini göstərir. Məqalədə deyilir ki, ötən iyun ayında BBC-nin Fars xidməti İran inqilabının banisi ayətullah Xomeyninin Karter administrasiyası ilə gizli yazışmaları barədə reportaj verdikdən sonra İranda əsl təbəddülat baş vermişdi. Yenicə açıqlanmış sənədlərdən bu da məlum olur ki, İran şahı devrildikdən sonra Misirdə və Mərakeşdə sürgün həyatı keçirib, lakin həm də ABŞ, Meksika və Panama kimi ölkələrə sığınıb. O, 1980-ci ildə xərçəngdən vəfat edib.

Yeni sənədlər göstərir ki, şah, övladalarının təhsilinə görə Britaniyada qalmaq istəyirmiş, lakin onun ricası Tetçer tərəfindən qətiyyətlə rədd edilib, bununla yanaşı London şahın Mərakeşdən Baham adalarına keçməsini gizli şəkildə təşkil edib. Tetçerin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda “Birləşmiş Krallığın böyük dostu olmuş bir şəxsə sığınacaq vermək imkanında olmadığı təəssüflə bildirilirdi”.

Jurnalistlər qaynaşırdı…

Sənədlər göstərir ki, ovaxtkı xarici işlər naziri lord Karrington səfir Raytın Baham adalarına səfərindən jurnalistlərin xəbər tuta biləcəyindən bərk narahat imiş.

O, Margaret Tetçerə məktubunda yazırdı ki, Baham adalarında jurnalistlər qaynaşır və gizli missiya mətbuata məlum olduğu təqdirdə, hökumət belə bir səfərin baş verdiyini etiraf etməli olacaq. Məktubda deyilirdi ki, Rza Pəhləvi Britaniya hökumətinin mövqeyindən möhkəm inciyibmiş. Baş nazir Tetçer isə tanınmış vəkil lord Şoukrossa öz xətti ilə yazdığı məktubda, onu şahı hər hansı beynəlxalq tribunalda təmsil etməkdən çəkindirməyə çalışırdı. O yazırdı ki, belə bir vəkil müdafiəsi Britaniyanın İranla münasibətlərinə, hətta bu ölkədəki Britaniya diplomatlarının təhlükəsizliyinə xoşagəlməz təsir edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...