İş adamı İran şirkəti ilə əməkdaşlığı dayandırdı

 İş adamı İran şirkəti ilə əməkdaşlığı dayandırdı
Azərbaycanda logistik fəaliyyətlə məşğul olan "Rimex Logistic and Trade" MMC İran şirkəti "Mehan Tondar Bar Global Forwarding”lə əməkdaşlığa son verib.

Bu barədə Qaynarinfo-ya "Rimex Logistic and Trade” MMC-nin baş direktoru Rəşad Babayev bildirib. Onun sözlərinə görə, İran şirkəti ilə əməkdaşlığa son verilməsi Azərbaycanın bu ölkədəki səfirliyinə silahlı hücumla bağlıdır.

"Faktiki olaraq səfirliyimizə qarşı terror aktı törədilib. Terror aktını pisləyir və şiddətlə qınayırıq. Xain hücum nəticəsində səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İnsident zamanı səfirliyin mühafizə xidmətinin yaralanan digər əməkdaşlarına şəfalar diləyirik”, deyə Babayev əlavə edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi MMC Çindən yüklərin Çindən daşınması üçün "Mehan Tondar Bar Global Forwarding” şirkəti ilə əməkdaşlıq edib. "Rimex Ligistic and Trade” MMC-nin bu şirkətə 11400 ABŞ dolları məbləğində borc var: "Bu borc adıçəkilən şirkətin yükləri gec çatdırdığı üçün yaranıb. Daha doğrusu, biz ödənişi dayandırmışıq.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş ölümlə nəticələnən son terror aktı isə artıq bizim qəti addımlar atmağımızı şərtləndirdi.
Diplomatik korpusa hücum dövlətə hücumdur. Son vaxrtlar İranın rəhbər şəxslərinin ölkəmizi yeri gəldi-gəlmədi təhdid etməsi, düşmənimiz Ermənistan və ermənilərlə dostluq edib, əlbir olub Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı məkrli planlar içində olması artıq kimsədə şübhə doğurmur.

Elə buna görə də, İran dövlətinə və ona aid şirkətə etiraz əlaməti olaraq, kollektivimizlə müzakirə edib şirkət üçün çox ağır və məsuliyyətli bir qərar verdik. Atacağımız addımın məsuliyyətini daşımağa şirkət rəhbəri olaraq hazıram. Beləliklə, İranın "Mehan Tondar Bar Global Forwarding” şirkətinə 11400 ABŞ dolları ödənilməyəcək. "Rimex Logistics and Trade” MMC-nin bu şirkətə artıq borcu qalmamışdır.

Qərara alıram ki, bu vəsait iki hissəyə bölünərək, məbləğin 50 faizi (5700 ABŞ dolları) il boyu ərzində səfirliyə hücum zamanı qəhrəmancasına Şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə, yerdə qalan 50 faizi (5700 ABŞ dolları) isə yenə iki hissəyə bölünərək Səfirliyimizə terror hücumu zamanı yaralanmış iki əməkdaşın ailələrinə ödənilsin. Şirkətin mühasibatlıq şöbəsi qərardan irəli gələn tapşırığın icrasına başlasın.

Bir daha qeyd edirik ki, İrana aid yükdaşıma şirkəti bizə qarşı məsələni hüquqi müstəviyə qaldırıb mübahisələndirməyə cəhd etsə, şirkət rəhbəri olaraq bunun məsuliyyətini istənilən formada daşımağa hazıram. Bizim canımız, malımız-mülkümüz Şəhid olan və yaralanan qardaşlarımızın canından, qanından artıq deyil”.

 İş adamı İran şirkəti ilə əməkdaşlığı dayandırdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...