Xalq artistinin “bakılı-rayonlu” fikirləri tənqid edildi

Xalq artistinin “bakılı-rayonlu” fikirləri tənqid edildi

Xalq artisti Sərxan Sərxanın uzun illər sonra verdiyi müsahibə müzakirələrə səbəb olub. Gundeminfo.az xəbər verir ki, məşhur müğənni Kulis.az-a danışarkən rayon və şəhər sakinlərinin müqayisəsini aparıb.

S. Sərxanın “Rayon sakini nə bilir, konsert nədir, teatr nədir?!” açıqlaması sosial şəbəkələrdə tənqid edilib:

“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. Bu, o demək deyil ki, onlar konsertləri sevmirlər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, Sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”.

Bundan əlavə, S. Sərxan Tofiq Quliyevin bəstələrini rayon əhalisinin qəbul etmədiyini bildirib: “Mən estrada oxuyanam, onlar milli musiqi həvəskarı. Niyə gəlib mənim mahnılarımı sevməlidirlər? Tofiq Quliyevin musiqisi yüksək səviyyədədir. Onun musiqisində forma var, kanonlar var. Rayon əhalisi onu başa düşmür”.

Müğənninin həmin fikirlərinə etiraz edənlər arasında tanınmış simalar da var. Gitara ifaçısı Rəhman Məmmədli sosial şəbəkədə paylaşım edərək S. Sərxandan ifadələrinə görə üzr istəməsini tələb edib:

“Çox hörmətsiz, Sərxan Sərxan! Əvvəla şəhər-rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənlərimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Səni bu həssas dövrdə nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən?! Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan, təhqir edirsən? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz, Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə, rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış, çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdir, şəhər də. Bütöv Azərbaycan var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...