MTRŞ yeni telekanalın açılması üçün müsabiqə elan edib

MTRŞ yeni telekanalın açılması üçün müsabiqə elan edib
Mayın 31-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.

İnformasiya texnologiyalarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.

Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.

İclasda həmçinin Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...