“Qaynana” filmi iki məşhur kinoteatr şəbəkəsini üz-üzə qoydu: Nümayişin yeri dəyişdi
Azərbaycanda son zamanlar çəkilən filmlər arasında səs-küyə səbəb olan"Qaynana” filminin ətrafında müzakirələr davam edir. Bir neçə gün öncə mətbuat konfransı keçirilərək ictimaiyyətə təqdim edilən "Qaynana” filminin yayımlanacağı kinoteatr şəbəkəsi ilə bağlı anlaşılmazlıq yaranıb. AZXEBER.COM xəbər verir ki, filmin mətbuat konfrasında təqdimatın "Park Cinema” şəbəkəsində keçirilməsi açıqlansa da, filmin treilerində kinoteatr şəbəkəsinin adı "Cinemaplus” olaraq dəyişdirilib. Aylardır gözlənilən filmin təqdimatının hansı səbəbdən başqa şəbəkəyə verilməsi isə cavabsız qalan suallardan biridir.
Məsələ ilə bağlı portalımıza açıqlama verən "Park Cinema” kinoteatrlar şəbəkəsinin marketinq deportamentinin əməkdaşı Rüstəm Fətəliyev yaranmış problemin onlardan qaynaqlanmadığını və filmin hansı səbəbdən başqa şəbəkədə göstəriləcəyi ilə bağlı suala cavab vermək istəmədiyini deyib:
"Bu film bizim kinoteatrlarda yayımlanmayacaq. Bilirsiz ki, bu təbii haldır. Film istehsalçısı ilə kinoteatr arasında hansısa bir razılaşma əldə edildikdən sonra film yayımlanır. Ancaq sözügedən filmin hansı səbəbdən bizim kinoteatrlarda yayımlanmayacağını deyə bilmərəm. Yaxşı olar ki, bu haqda sualı distribütor şirkətə ünvanlayasınız”.
Filmin yayımlanacağı "Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova isə "Qaynana 2” filminin 22 dekabrdan yayımlanacağını bildirib:
"Problemlə bağlı konkret məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, bu film bizim şəbəkədə yayımlanacaq. 22 dekabr tarixindən biz filmin yayımına başlayacağıq və hər birinizi filmi izləməyə dəvət edirəm”.
Filmin istehsalçısı olan "Caspian Media Group”un mətbuat xidmətinin Aysər Həsənli mövcud problemin belə izah edib:
"Düzdür biz mətbuat konfransı keçirərkən filmin "Park Cinema”da yayımlanacağını mətbuat nümayəndələri üçün elan etmişdik. Ancaq sonrakı razılaşma bizim üçün daha əlverişli oldu və "Cinemaplus”la anlaşdıq. "Caspian Media Group” olaraq bizim heç bir kinoteatr şəbəkəsi ilə konkret bir problemimiz yoxdur. Bu bizim şirkətin artıq 2-ci filmidir. Gələcək illərdə də biz yeni filmlərimizi hər iki şəbəkəyə təqdim edəcəyik. Hansı ilə əməkdaşlıq bizim üçün əlverişli olsa o zaman biz o kinoteatr şəbəkəsi ilə əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, uzun zamandır yayımı gözlənilən "Qaynana” filmi 22 dekabr tarixində "Cinemaplus” kinoteatrlarında yayımlanacaq. Filmdə Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və Papitto mahnısının ifaçısı Seeya da çəkilib. Filmin böyük maraqla qarşılanacağı gözlənilir.
1620 dəfə oxundu