"Əgər o konsertdən bir qəpik xeyrim olubsa, ölümümə xərclənsin" — BALOĞLAN ƏŞRƏFOVDAN SİRLƏRİ AÇAN MÜSAHİBƏ

"Əgər o konsertdən bir qəpik xeyrim olubsa, ölümümə xərclənsin" —

Əməkdar artist Baloğlan Əşrofov sentyabrın 8-də "Yaşıl teatr"da baş tutan konserti ilə bağlı "Ölkə.Az"ın suallarını cavablandırıb.
Qeyd edə ki, təşkilatçı Samir Xəttab sosial şəbəkədə bildirib ki, biletlər satılmadığı üçün konserti təxirə salmaq, daha doğrusu ləğv etmək istəyib. O, həmçinin qeyd edib ki, B.Əşrəfovu məhkəməyə vermək niyyətindədir.

- Baloğlan müəllim, konsert təklifi kim tərəfindən irəli sürülmüşdü?

- Samir adlı bir cavan oğlan məni axtarıb tapdı. Uzun söhbətdən sonra "saqqımızı oğurladı". Amma namusuma and olsun ki, bu günə qədər konsertimin reklamını nə televiziyada, nə də şəhərin heç bir yerində görmədim. Bunu hamı da bilir. Bu elə başa düşdü ki, avtobusun böyrünə şəkil vurmaqla hər şey həll olunacaq. Təsəvvür edin ki, məni tanıyanlar dəfələrlər "niyə konsert vermirsən" deyə soruşurlar. And içirəm ki, vallah, mənim konsertim olacaq. Müxtəlif yollarla, vasitələrlə insanlara xəbər göndərdim ki, konsertim olacaq. Konsert günü mənə dedi ki, konserti ləğv edirəm.

- Bunu sizə Samir Xətta dedi?

- Bəli. Dedi guya bilet az satılıb. Dedim ki, canın sağ olsun. Axı mənim nəsil-nəcabətim də bu işə girişib, nə qədər insan bilet alıb. Uzaqdan dayanıb vəziyyətə baxıram. "Xəzər" telekanalının əməkdaşı mənə dedi ki, Baloğlan müəllim, Yaşıl Teatrın qarşısına xeyli adam yığılıb, onlara deyirlər ki, konsert olmayacaq. Hətta konsert olan günü bilet almağa gələn insanları, əlində bileti olan insanları da geri qaytarıblar. Məndən soruşdular ki, bu nə məsələdir? Dedim ki, heç nədən xəbərim yoxdur. Sən demə, teatra pul da köçürmədiyinə görə təşkilatçı aradan çıxıb. Sonra teatrın direktoru Cavadovun yanına getdim. Allah onun balasını saxlasın. Mənə və bayırda qalan minlərlə tamaşaçıya hörmət əlaməti olaraq dedi ki, açın qapını. Telefonla Samirlə danışdı, ona nə lazımdırsa dedi. Əlində bileti olanları da, olmayanları da buraxdılar içəri. Kimsə tamaşaçı azlığından danışırsa, tamamilə yalandır.

- Konsert üçün hansı məbləğdə qonorar danışmışdınız?

- Ansamblıma üç min manat qonorar və mənə əlli dəvətnamə boyun olmuşdu.

- Bəs sizə?

- Mən heç nə istəmirdim. Dedim, təki xalqımın qarşısında çıxış edim. Bu adam o boyda zırıltının arasından qaçıb. Təbrizdən, Kazandan, Rusiyanın müxtəlif şəhərlərindən, Azərbaycanın bölgələrindən gələn insanlar qalmışdılar bayırda. Dedim ki, tüpürüm o pula, mən sizin qarşınızda çıxış edəcəyəm. Üç saat yarım pulsuz konsert verdim. Sizdən xahiş edirəm, gedin, yad adamlardan, mənim tanımadıqlarımdan soruşun. Deyin, Baloğlan belə danışır, düz deyirmi? Görün sizə nə deyəcəklər. Hətta həmin gecə mənə düşmən olanlar da o konsertə, o ifaya görə mənə hər şeyi bağışlayardılar. Qırx il mənə qulaq asanlar deyirlər ki, Baloğlan, sən heç vaxt belə oxumamısan. Həmin gün indiyə qədər oxuduqlarımın ən yaxşısını oxudum.

- Yəqin ki, bundan sonra təşkilatçılıqla bağlı məsələlərdə daha diqqətli olarsınız...

- Əlbəttə. Bu adamın milyonlarla tamaşaçısı olan müğənniylə də arasında söz-söhbət olub və müğənni ondan uzaqlaşıb. Təsəvvür edin ki, mən tamaşaçıların qarşısında konsert oxuyuram, təşkilatçı zəng vurub deyir ki, mən hələ filan yerdəyəm. Bu adam bilmir ki, mən artıq konsertə başlamışam. Bu çox dəhşətli və maraqlı bir hadisəydi. Özü də utanmadan deyir ki, Baloğlan Əşrəfov mənim şərəf və ləyaqətimi səhnədə təhqir edib.

- Samir Xəttabın sizi məhkəməyə verəcəyindən xəbərdarsınız?

- Ölmürəm o məhkəmə üçün? Əgər məhkəməyə versə, mən onun üzündən, gözündən öpərəm. Deyərəm, həyatda bu qədər sırtıq adam ola bilər? Axı o adam mənə pul verməyib. Mən tamaşaçılar qarşısında havayı oxumuşam, bir qəpiyin yiyəsi olmamışam. Sadəcə, mənim səsimə qulaq asmaq üçün gələnləri naümid geri qaytarmadım. Tamaşaçılar and içirlər ki, içəridəki qədər də tamaşaçını geri qaytarıblar. Əgər o konsertdən bir qəpik xeyrim olubsa, ölümümə xərclənsin. Ansambla əlavə çağırdığım uşaqların da pulunu vermişəm ki, alın, evinizə çörək aparın. Çünki mənimlə on gün məşq etmişdilər.

- Bu sizə qarşı təxribat ola bilərmi?

- Hamı elə düşünür, amma mən inanmıram. Deyirlər ki, bu kimlərinsə sənə qarşı qərəzidir. Heç təşkilatçı da tamaşaçını qapıdan qaytarar?

- Sənət aləmində sizə qarşı belə hərəkət edəcək kimsə ola bilər?

- Həyatda hər şey mümkündür. Mən yalan danışmağı özümə ar bilərəm. Çünki halal çörəklə böymümüşəm.

- Konsert mövzusunu yekunlaşdırıb, digər suallara keçmək istəyirəm. Türkiyənin məşhur müğənnisi Sərdar Ortac bir neçə gün öncə sizin haqqınızda yüksək fikirlər səsləndirib.

- Türkiyəyə gedəndə onunla görüşürük. O deyir ki, mən Baloğlanın yanında heç kiməm. Sərdarın o sözü xoşuma gəlmədi. Çünki özünə görə gözəl müğənnidir, Türkiyədə, Azərbaycanda məşhurdur, sevilir. Yazıq bir az təvazökarlıq edir. Düzdür, mənim mahnımla Azərbaycanda, Rusiyada yaşayan azərbaycanlılar arasında populyarlaşıb, məclislərinə dəvət alıb. Nə qazanırsa, halal xoşu olsun. İranın da məşhur müğənnilərindən biri deyib ki, yalnız Baloğlanın dəvəti ilə Azərbaycana gələ bilərəm. Hər ikisinə təşəkkür edirəm. Şükür Allahın məsləhətinə.

- Sərdar Ortacla duet oxumaq fikriniz varmı?

- O Türkiyədə yaşayır, mən Azərbaycanda. Onların səsyazma studiyalarının, digər texniki avadanlıqlarının keyfiyyəti daha sanballıdır. Bunu o etməlidir. Mən ondan yaşda böyüyəm, həm də Azərbaycanda tanınmış adamam. Bir dəfə də Sibel Canla məclisdən çəkilmiş fotomuzu görüblər. Soruşurlar ki, özünü niyə reklam etmirsən? Dedim ki, o öz ölkəsində tanındığı kimi, mən də Azərbaycanda tanınıram, həm də yaşca məndən kiçikdir. Niyə özümü onun adıyla reklam etməliyəm? Mahsun Kırmızıgül mən ana haqda muğam oxuyanda qarşımda diz çöküb hönkür-hönkür ağlayıb. Ancaq mən belə şeylərdən istifadə etməyi özümə sığışdırmıram.

- Sibel Canla Bakıda eyni məclisdə çıxış etmisiniz?

- İş adamı Mübariz Mənsimovun ad günündə-iki dəfə Bakıda, bir dəfə Lənkəranda oxumuşuq. Dediklərimin çəkilişləri var. Həmin şeylər beş yüz insanın gözünün qarşısında baş verib. Sonradan bəzi insanlar məndən xəbərsiz məclisdən Sibel Canla olan fotoları internetə qoydular. Əgər mahnılarımı Orta Asiyanın, Türkiyənin, İranın məşhur sənətçiləri ifa edirsə, niyə özümü kiminləsə reklam etməliyəm? İranda Namiq Qaraçuxurluyla iki konsert verdik. Amma qısqanclıqdan bizim televiziyalar, Mədəniyyət Nazirliyi bu işə heç bir reaksiya vermədi. Beş minə yaxın tutumu olan zalda iki dəfə konsert verdik. Mən kimə nə etmişəm ki?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...