''Sağ olsaydınız, sizə ata-anamız deyəcəkdilər'' - İlhaməni belə yad etdilər
Bu gün xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O, avqustun 17-i 1943-cü il Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti estrada orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. O, İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.
Bəs “Şou-biznesin primadonnası”nı doğum günündə kimlər yad edib?
Musavat.com xəbər verir ki, sənət adamları mərhum xalq artistinin doğum gününü unutmayıb. Onlar Quliyevanı sosial şəbəkədə yad ediblər.
Xalq artisti Firəngiz Mütəllimova: “Gözəl sənətkarımız İlhamə xanımın doğum günüdür. Hər yerdə yerin görünür. Nur içində yatasınız. Sizi necə unutmaq olar?”
Əməkdar artist Aybəniz Haşımova: “Mən sizi gənc yaşda tanıdım əziz və səsini sevdiyim İlhamə xanım, dünən “Space” televiziyasında qonaq idim. Soruşdum ki, sabah İlhamə xanımın doğum günüdür, bilirsiniz? Dedilər ki, bilirlər, reportaj hazırlayıblar. Bu, məni çox sevindirdi. Əsl səs unudulmayanda bu mən çox sevindirir. Qədirbilən Azərbaycan, sizin sənətkara və sənətkarlara olan sevginiz qarşısında baş əyirəm!
Səs sənətkarları hər zaman bir məqsədlə yaşadılar: nəğmələri xalq tərəfindən sevilsin və yaşasın. Sənətkarı yaşadan dəyərli xalqımdır. Allah sizi sənətkara çox görməsin. İlhamə xanımın həyatda son günündə siz bunu sübut etdiniz. Göstərdiniz ki, sənətkarı sevdiyiniz qədər sahib də çıxa bilirsiniz. Mən İlhamə xanımın ölümünə inanmıram. Mənə elə gəlir ki, o qayıdacaq. Ay aman, bir insanın yeri nə qədər görünərmiş? Deməli, hədər yaşamayıb”.
Əməkdar artist Abbas Bağırov: “Azərbaycanın əvəz olunmaz sənətkarı İlhamə xanım, Allah sizə rəhmət eləsin”.
Müğənni Natavan Həbibi: “Allah sizə rəhmət etsin! Yeriniz elə görünür ki... Bu gün ad gününüzdür. Gözəl, bəzənib-düzənib gələcəkdiniz, hamı ətrafınıza toplanacaqdı, səmimi söhbətlər, zarafatlar edib, deyib-gülərdiniz. Sonra kövrəlib, ananızın yanınızda olmasını istəyərdiniz. Ondan sonra bütün çiçəkləri götürüb, onun yanına aparardınız. Bu gün - doğum gününüzdə o gül-çiçəklərlə məzarınıza baş çəkirik”.
Prodüser Tarix (Tolik) Əliyev: “Allah sizə rəhmət eləsin! Bu gün sağ olsaydınız, inanın ki, bütün məşhurlar “İnstaqram”-da sizin fotonuzu paylaşıb “kraliçamız, primadonnamız, anamız, atamız, böyüyümüz” yazıb, sizi təbrik edərdilər. Amma həyat fanidir, siz öldünüz, üzünü dartdırıb, dodağına bir kilo boya çəkən, özünə illərlə ad günü keçirməyən, amma sizdən sonra təmtəraqlı ad günü edənlər, özlərinin şou-biznesdə böyük fiqur sayanlar var… Amma onlar elə özləri üçün fiqurdurlar. Şəxsən mənə elələrinin sözləri vız gəlir. İlhamə Quliyeva getsə də, onun adını çəkib gündəmdə qalanlar var. Bir gün onlar da yanınıza gələcək. Görüm, onda nələr olacaq...
İlhamə xanım ölümündən 4 gün əvvəl fəxri ad almağım münasibətilə təşkil etdiyim tədbirə gəldi. Mənə açıqcada pul verdi, istəmədim. Çünki İlhamə xanımın gəlişi 1.000.000-a dəyərdi. Mənə dedi ki, özünü pis hiss edir. Həmin gün heç nə yemədi. Amma canlı oxudu, deyib güldü”.
1189 dəfə oxundu