Saxta endirim, keyfiyyətsiz mal - İstehlakçı necə aldadılır?

Saxta endirim, keyfiyyətsiz mal -

Əksər mağazalarda endirim kampaniyaları yenə geniş vüsət alıb

Hətta bir sıra dükanların vitrinində 70 faizə qədər endirimlərin olduğu barədə xəbərdarlıq banerləri də asılıb. Amma iddialar da səslənir ki, böyük endirim kampaniyalarının əksəriyyəti saxtadır. Bu iddialar nə dərəcədə doğrudur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında əksər satış məntəqələrindəki endirim kampaniyalarının həqiqəti əks etdirmədiyini diqqətə çatdırdı:

“Ümumiyyətlə, endirim kampaniyası ilə əhalinin aldadılması məsələsi Azərbaycanda təəssüf ki, geniş yayılıb. İnsanlar saytlarda, kütləvi informasiya vasitələrində ayrı-ayrı mağazalarda endirimlərin olduğu barədə informasiyalara rast gəlirlər. Hətta mağazaların girişində də belə endirimlərlə bağlı məlumatlar asılır. Belə saxta endirimləri elan etməklə satış mərkəzləri istehlakçıların bir çox hüquqlarını pozur. İstehlakçı malı almaq üçün seçəndən sonra bildirirlər ki, endirim həmin mala aid deyil. İkinci bir tərəfdən, əksər hallarda endirim prosesində keyfiyyətsiz malları satırlar.

İstehlakçı isə əldə etdiyi malı dəyişmək istədikdə endirimlə aldığını bəhana edərək dəyişmirlər. Hər iki hal istehlakçıların hüquqları haqqında qanuna zidd hərəkətdir. Nazirlər Kabinetinin 91 saylı qərarına görə malın üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədləri olmalıdır. Yəni elə-belə qiymət endirimini göstərmək üçün əvvəlki qiyməti yazıb, üstündən xətt çəkməklə əslində, istehlakçı aldadılır. Təəssüf ki, Azərbaycanda satılan malların 90 faizinin üzərində maddi-məsul şəxsin imzası göstərilən heç bir qiymət sənədləri yoxdur. İstehlakçıların hüquqları haqqında qanuna görə istehlakçının aldığı malla bağlı istənilən sənədi, o cümlədən rəsmi qiymət sənədini tələb etmək hüququ vardır. Satıcı da onu göstərməyə borcludur. Ümumiyyətlə, malın rəsmi qiymət sənədləri də olmur. Bir sözlə, əslində, Azərbaycanda həyata keçirilən endirim kampaniyası reallığı əks etdirmir və istehlakçının aldadılmasına hesablanmış bir addımdır. Belə neqativ halların aradan qaldırılması, saxta endirimlərə son qoymaq üçün dövlətin effektiv istehlakçı siyasəti olmalıdır. Təəssüflər olsun ki, hökumət hələlik, bu barədə düşünmür. İstehlakçı aldadılmaqda davam etsə də, onların səsini eşidən normal mexanizm yoxdur.

Hökumət birtərəfli siyasət aparır, sahibkarların hüququnu qoruyur, amma bu zaman istehlakçının hüququnun pozulmasına ümumən göz yumur. Ona görə də istehlakçıların hüququ haqqında qanun dəyişməli və burada istehlakçı hüququ real olaraq öz əksini tapmalıdır. Başqa ölkələrdə istehlakçıların hüquqlarının qorunması istiqamətində ciddi işlər gedir. Amma təəssüf ki, Azərbaycanda bu, baş vermir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...