ARDNF başqa yerli banka depozit qoymaq niyyətində deyil
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə yerləşdirilən 1 milyard ABŞ dolları həcmində depozit 1 il müddətinə 4%-lə yatırılıb. Bunu "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildiriblər.
"Məlum olduğu kimi ARDNF-nin vəsaitləri onun investisiya strategiyasına, habelə Fondun fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq ölkə hüdudları kənarında yerləşdirilir. Bununla yanaşı ARDNF-nin daxili maliyyə bazarlarında da qanunvericilikdə əks edildiyi kimi tərəf müqabilləri ola bilər və həmin təsisatlarda investisiya portfelinin müəyyən hissəsinə (“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.1.3.-cü bəndinə uyğun olaraq bu hissə 5% olaraq müəyyənedilmişdir) qədər vəsait saxlanıla bilər", - deyə məlumatda bildirilib.
Məlumatda o da vurğulanır ki, hal-hazırda ARDNF-nin digər yerli banklara depozit qoyuluşu ilə bağlı planları yoxdur.
755 dəfə oxundu