Mərkəzi Bank: FED-in qəbul etdiyi qərar gözlənilən olmadı

Mərkəzi Bank: FED-in qəbul etdiyi qərar gözlənilən olmadı


ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi qərar gözlənildiyi kimi olmayıb. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

AMB-nin cavabında qeyd edilir ki, bu səbəbdən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib: "Digər tərəfdən isə belə qərar ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur. Belə ki, Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır. Neftin qiyməti Azərbaycanda tədiyə balansı üzrə göstəricilərin uzunmüddətli dinamikasına təsir göstərən mühüm amil olsa da son zamanlar tədiyə balansının məhsul və xidmət idxalı, qeyri-neft ixracı, birbaşa və portfel investisiyalar kimi digər mühüm komponentləri üzrə də əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir və manatın ABŞ dollarına nisbətən məzənnəsi yeni məzənnə rejiminə adaptasiya olunmuşdur".

Xatırladaq ki, iki günlük iclasın ardından iyunun 15-də FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...