Müəllimlər İnstitutunun Pedaqoji Universitetə tam birləşdiriləcəyi vaxt açıqlanıb
Azərbaycan Müəllimlər İnstitutunun(AMİ) filialları ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilməsi iyunun 30-dək tam başa çatdırılacaq. ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov APA-ya açıqlamasında deyib ki, birləşmə çatandan sonra ali məktəbin tələbə müəllim heyətinin sayı kifayət qədər artacaq.
Prezident İlham Əliyevin Müəllimlər İnstitutunun ADPU-ya birləşdirilməsi barədə sərəncam imzaladığını xatırladan M. İbrahimov deyib ki, hazırda bu sərəncamın icrası istiqamətində işlər gedir. M.İbrahimov qeyd edib ki, proses tam olaraq iyunun 30-dək başa çatacaq.
Şöbə müdiri vurğulayıb ki, qoşulma başa çatandan sonra yeni tədris ilindən AMİ-nin Bakıdakı əsas binasından ADPU-nun tədris korpusu kimi istifadə ediləcək: “Eyni ixtisaslar, fakültələr üzrə tələbələr qarşılıqlı şəkildə birgə təhsil alacaqlar. Uyğun fakültələr üzrə tələbələrin qarşılıqlı tədrisi aparılacaq. Azərbaycan Müəllimlər İnstitutunun bölgələrdəki filialları isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları olaraq fəaliyyətini davam etdirəcək. Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinə başlanarkən institutun 7 filialı var idi. Lakin sonradan prezidentin sərəncamı ilə Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin, Qazax filialı isə Bakı Dövlət Universitetinin tabeçiliyinə verilib. Yeni tədris ilindən Azərbaycan Müəllimlər İnstitutunun 5 filialı – Cəlilabad, Şamaxı, Quba, Şəki, Ağcabədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı olaraq fəaliyyətini davam etdirəcək. Burada tədris bizim tədris proqramlarına uyğun olaraq aparılacaq”.
847 dəfə oxundu