Naxçıvanın yeni icra başçısı indiyədək hansı vəzifədə çalışıb?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo xəbər verir ki, Cabbar Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Türkiyənin paytaxtı Ankarada ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Cabbar Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktor müavini vəzifəsində çalışıb.
O, 2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.
115 dəfə oxundu