Taksilər “28 Mall”ın qarşısındakı velosiped zolağını duracağa çeviriblər – FOTOFAKT

Taksilər “28 Mall”ın qarşısındakı velosiped zolağını duracağa çeviriblər –
Bakının bir neçə parkında velosiped yolları salınıb, küçələrdə velosiped zolaqları çəkilib. Mərhələli şəkildə digər küçə və prospektlərə velosiped zolaqlarının çəkilməsi planlaşdırılır.

Bu yolların çəkilməsi velosiped sürənlərin rahatlığına, gələcəkdə onların sayının daha da artmasına və ekologiyanın təmizliyinə xidmət edir.

Lakin zolaqlarla bağlı bəzi problemlər də mövcuddur.

Belə ki, velosiped zolaqları bütün küçə və prospektləri əhatə etmir. Küçə bitdikdən sonra digər küçədə zolağın olmaması həm velosiped, həm də avtomobil sürücülərinin işini çətinləşdirir. Digər məsələ isə həmin zolaqlara avtomobillərin daxil olması və ərazidən avtomobil parklanması kimi istifadə edilməsidir.

Bakının Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin ətrafındakı velosiped zolaqlarından taksi sürücüləri dayanacaq kimi istifadə edirlər. Ticarət Mərkəzinin girişində, işıqforun və piyada keçidinin yanında gün ərzində bir neçə taksinin dayanıb sərnişin ovuna çıxdığını görmək olar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallara yol verən sürücülər qanuna uyğun olaraq cərimə edilirlər:

“Velosiped sürücülərinin onların hərəkəti üçün ayrılmış zolaqlarda rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün BŞDYP İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət profilaktika tədbirləri həyata keçirilir.

Lakin təəssüflər olsun ki, edilən xəbərdarlıqlara baxmayaraq bəzi nəqliyyat vasitələrinin sürücüləri velosiped üçün ayrılmış xüsusi zolaqda nəqliyyat vasitəsini park edirlər ki, bu da Yol hərəkəti haqqında qanuna ziddir.

Həmin şəxslər aşkarlandığı təqdirdə barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsinə əsasən 2 cərimə balı və 100 manat məbləğində də cərimə edilir”.

Qurumun açıqlamasında avtomobil sürücülərinə müraciət də yer alıb:

“Bir daha avtomobil sürücülərindən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinə maneə yaratmasınlar. Əks halda barələrində qanuna müvafiq tədbirlər həyata keçiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...