“Heydər Əliyev İli-2023” - Tərtərdə silsilə tədbirlər davam etdirilir

“Heydər Əliyev İli-2023” - Tərtərdə silsilə tədbirlər davam etdirilir
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində 5 iyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın meliorasiya və su təsərrüfatının inkişafında misilsiz rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonda fəaliyyət göstərən idarələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıb. Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.
“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.
1971-1975-ci illərdə meliorasiya işlərinə xərclənən vəsait 1966-1970-ci illərə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133 min hektar sahədə hamarlama işləri aparıldı, 248 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edildi.
Bu dövrdə Tərtərçay üzərində 96 min hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı, Tərtərçay magistral kanallarının da inşasına başlanıldı.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə o vaxtkı rəqəmlərlə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.
Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçi ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.
Məlumdur ki, 1993-1995-ci illərdən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoydu, ictimai-siyasi sabitliyi təmin etdi, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratdı.
Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.
Bu sənədlərdən ən mühümü Ümummilli Lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli Fərmanıdır. Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.
Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu Öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmişdir. Belə bir əlamətdar günün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Sonra rayon rəhbəri bir daha 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzulayıb.
“Dəyirmi masa”da YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emin Hacıyev, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov, rəis müavin Zahid İbrahimov və 5 saylı Ağcabədi Regional Su Kanal İdarəsinin Tərtər sahəsinin rəisi Elnur Abbasov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin hakimiyyəti illərində meliorasiya və su təsərrüfatı işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açılıb.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə fəxri fərmanlar təqdim olunub.


“Heydər Əliyev İli-2023” - Tərtərdə silsilə tədbirlər davam etdirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...