Deputat: “Putindən soruşmaq lazımdır ki, Qarabağ bəlkə sənin mülkündür?”

Deputat: “Putindən soruşmaq lazımdır ki, Qarabağ bəlkə sənin mülkündür?”
“Vladimir Putinin “Valday” diskussiya klubunda dediyi sözlər bir daha təsdiq edir ki, “sülhməramlı” adı ilə Azərbaycan ərazisinə 2020-ci ilin noyabrında daxil olan Rusiya hərbi kontingenti gələn gündən kimləri müdafiə etdi, kimlərlə əməkdaşlıq etdi, kimlərin təhlükəsizliyinin təminatı ilə məşğul oldu. Azərbaycan ərazisində kök salmış cinayətkarların, separatçıların, terrorçuların... Bütün bunlar gizli deyil, nə də Rusiyanın ünvanına şər-böhtan deyirik. Bu, hamının bildiyi həqiqətdir. Sonra Xocalı aeraportu ərazisində rus provoslav kilsəsi tikdilər, Rusiyanın tarixi şəxsiyyətlərinə heykəl qoydular, rusun mövcud olduğu o ərazidə böyük bir rus icması yaradıldı. Bəs bunlar nədən xəbər verirdi? Putin Rusiyasının Qarabağa sahib çıxmaq niyyətindən və Qarabağdan çıxmaq niyyətinin olmamasından. Ruslar öz mövcudluqlarını bölgədə qoruyub-saxlamaq üçün heç vaxt imkan verməyəcəklər ki, Ermənistanla Azərbaycan arasında gərginlik səngisin, münaqişə ocağı sönsün. Putin müəllimdən soruşmaq lazımdır ki, Qarabağ bəlkə sənin mülkündür? Bəlkə Rusiyanın ərazisidir? Qarabağ Azərbaycan ərazisidir, bu ərazinin separatçılardan, cinayətkarlardan təmizlənməsi Azərbaycanın daxili işidir və təmizləyəcək də. Sən istəsən də, istəməsən də...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Putinin ötən gün verdiyi bəyanatlar bir daha bu imperiyanın çirkin niyyətlərindən xəbər verir: “Ancaq bu gün elə vəziyyət yaranıb ki, tarix boyu ermənilərə havadarlıq edən, tarixi ərazilərimizdə erməniləri yerləşdirən, onlara dövlət quran həmin Ermənistan dövləti, ermənilər artıq Rusiyaya etimad göstərmir, arxa çevirir, xəyanət edirlər və Avropa İttifaqını, ATƏT-i, ABŞ-ı bölgəyə dəvət edirlər. Bu da ermənilərin Putinə tərs silləsidir. Başa salırlar ki, biz tarix boyu belə xəyanətkar, satqın olmuşuq, bu gün də onu davam etdiririk. Hazırda bölgədə mübarizə Qərblə Rusiya arasında gedir. Kim bölgədə nüfuz sahibi olacaq? Rusiya bölgədə nüfuzunu, mövcudluğunu itirməmək üçün istəsə də, istəməsə də məcburən ədalətli mövqedə olmalıdır. Sülh sazişinin imzalanmasına çalışmalı, bunu təmin etməlidir, Zəngəzur dəhlizi açılmalıdır, Azərbaycanın Qarabağ ərazisindəki Ermənistan silahlı birləşmələri, terrorçular tamamilə təmizlənməlidir. Rusiya bölgədə mövcudluğunu qorumaq üçün məcburən bunları etməlidir. Etməyəcəksə, bütün olan-qalan etibarını da itirib bölgədən təmizlənəcək. Soçi görüşündən qabaq Putin bir daha deyir ki, “mən Ermənistanı məcbur edə bilmirəm ki, Azərbaycanla sülh müqaviləsi imzalasın”. Tamamilə yalan deyir! Bu gün Ermənistan deyilən dövlətin ərazisində Rusiyanın ordusu yerləşir, Ermənistanın İran və Türkiyə ilə sərhədlərində rus sərhədçisi durur. Bu gün Ermənistandan Qarabağa silah, ərzaq, yanacaq daşınmasının bütün təminatına, separatçıların yollarda hərəkətinə şərait yaradan Rusiya Federasiyasıdır, onun hərbi kontingentidir”.

E.Məmmədovun sözlərinə görə, ermənilər məcbur olub Rusiyanın dediyini edəcəklər: “Deməli, burda saxtakarlıq, qeyri-səmimilik Rusiya tərəfindən gəlir. Rusiya Azərbaycanla olan az-çox qalmış etibarını da itirmək istəmirsə, Putin 10 noyabr 2020-ci ildə imzaladığı sənəddə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə Rusiyanın bölgədə mövcudluğuna son qoyulacaq. Putinin “Vaşinqton variantı”, ya “Rusiya variantı”” mesajı təkcə mesaj deyildi, bu, pərdə arxası Paşinyana və onun komandasına çox ciddi hədə, barmaq silkələməsi idi. Yəni biz dediyimiz variantla yox, “Vaşinqton variantı” ilə razılaşsanız, hər şey ola bilər. Bu gün Qarabağda yaşayan cinayətkar ermənilər Rusiya tərəfinə çağırış edir, Rusiyaya güvənir, arxalanırlar. Belə qüvvələr Ermənistanın özündə də az deyil. Putinin Ermənistanda kifayət qədər gücü, nüfuzu var. Putin Ermənistandan çevriliş edə bilər, Paşinyan devrilər, Putin də öz adamını Paşinyanın yerində oturdar və dediklərini ona etdirər. Putindən əvvəl də Rusiya dövlətinə rəhbərlik edənlər özlərinin imperiya siyasətinin davamı olaraq Azərbaycanın 20% torpaqlarını işğal edib ermənilərə verdilər. İşğal ilkin olaraq həmin dövrlərdəki “Dağlıq” Qarabağ muxtar vilayətindən başladı. Bu torpaqlar rus əsgərlərinin, rus hərbi texnikasının gücü ilə işğal olundu. Xocalıdakı soyqırımı da onların iştirakı ilə törədildi. Yəni Rusiya dövlətinə kimlərin rəhbərlik etməsindən asılı olmayaraq çar Rusiyasından qalma imperiya siyasəti, mirası bu gün də davam edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...