Ermənistanın süni manevrləri məhdudlaşacaqmı? - Millət vəkili

Ermənistanın süni manevrləri məhdudlaşacaqmı? -

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 22-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir N.Paşinyan arasında sayca üçuncü görüş keçirildi.

Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi səylər cəmiyyətimizdə etimadla qarşılanır. Azərbaycan hakimiyyətinin rəsmi mövqeyi və bu təşəbbüskarlığa münasibəti dövlətimizin başçısı tərəfindən dəfələrlə açıq şəkildə ifadə olunub. Prezident İlham Əliyev aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında və aprelin 29-da ADA Universitetində təşkil olunmuş beynəlxalq konfransda bəyan etmişdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına hazırdır və bu mövqeyində qətidir. Dövlətimizin başçısı Brüssel görüşlərinin əhəmiyyətinə xüsusi diqqət çəkərək, dünya çapında tanınan ekspertlərin və nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransda mühüm bəyanatla çıxış etdi: “Beləliklə, Brüssel indi mənim səfərlərimin əsas təyinat məntəqəsinə çevrilib”. Konfransdan bir müddət əvvəl, aprelin 12-də cari ilin birinci rübünün yükunlarına həsr olunmuş müşavirədə isə, Prezident İlham Əliyev dünya birliyinə bu mesajı vermişdi: “Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna kömək göstərmək istəyənlər kömək göstərməlidirlər”. Dövlətimizin başçısı bununla həm də ona işarə etmişdi ki, ölkələrimiz arasında münasibətlərin sivil məcraya salınması Ermənistan hakimiyyətinin müstəqil siyasət yürüdə bilmək imkan və arzusundan, erməni cəmiyyətini yeni reallığa uyğunlaşdırmaq və hazırlamaq qabiliyyətindən də xeyli dərəcədə asılıdır.

Dövlətimizin başçısı ilk Brüssel görüşündən etibarən verdiyi bəyanatlarla dünya birliyinə nümayiş etdirir ki, ölkəmiz bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev müstəqil Azərbaycanın dövlət başçısı kimi yalnız xalqımızın maraqlarından çıxış etdiyini və mövqeyinin beynəlxalq-hüquq normalarına söykəndiyini növbəti dəfə nümayiş etdirdi. Prezident açıq mətnlə bildirdi ki, ölkəmizin Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü beş təməl prinsipi BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və dünyada mövcud olan beynəlxalq təcrübəyə, eləcə də sivil davranış normalarına söykənir. Prezidentimiz həmin mətbuat konfransında Ermənistan rəhbərliyinin bəzi addımlarının sülh prosesinə verilən beynəlxalq dəstəyə adekvat olmadığına da xüsusi diqqət çəkdi: “Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik... Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

Beləliklə, Prezident İlham Əliyev açıqlama və bəyanatları ilə beynəlxalq birliyə ardıcıl şəkildə nümayiş etdirir ki, ölkəmiz bölgədə sülhün təşəbbüskarıdır, bu istəyində səmimidir və mövqeyi dəyişməzdir, eləcə də Azərbaycan hakimiyyəti Avropa İttifaqının göstərdiyi səylərə məsuliyyətli münasibəti ilə fərqlənir. Çox təəssüf ki, eyni fikri Ermənistan rəhbərliyi haqda demək mümkün deyil. Məlum olduğu kimi, 6 aprel tarixli Brüssel görüşündən sonra N.Paşinyan ölkəsinin parlamentində bildirmişdi ki, erməni cəmiyyəti Qarabağa aid iddiasında “plankanı” aşağı salmalıdır və Azərbaycanın irəli sürdüyü beş təməl prinsipi əsasında sülh danışıqlarında iştirak etməlidir. Bu açıqlamadan sonra Paşinyan Moskvaya səfər etdi və geri döndükdən sonra altı təklif irəli sürdü. Həmin təkliflərin arasında statusla bağlı iddia ilə yanaşı, Minsk qrupuna müraciət də yer alır. Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti ilə mətbuat konfransında qeyd etdiyi kimi, Ermənistanın Brüsseldə üzərinə götürdüyü öhdəliklərdən yayınması və vədlərinə əməl etməməsi cəmiyyətimizdə haqlı olaraq narahatlıq doğurur. Mayın 16-da KTMT-nin Kremldə keçirilən yubiley tədbirində N.Paşinyanın məntiqdən və reallıqdan uzaq olan giley-güzarı da göstərdi ki, Ermənistan hakimiyyəti davranışında səmimi və dayanıqlı deyil. Təbii ki, bu cür məntiqsiz iddialar və Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları beynəlxalq səylərə də kölgə salır, əlavə narahatlıq üçün əsas verir. Paşinyanın dövlət başçısı ərkanı ilə uyuşmayan şikayətlərindən biri onunla bağlı idi ki, KTMT-yə üzv olan dövlətlər 44 günlük müharibədə Ermənistana köməklik etməyib və onun yanında yer almayıblar. Bu, həqiqətən, növbəti cəfəng bəyanat idi. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində baş verən müharibədə KTMT kimi hərbi blokun iştirak etməsi həm bu təşkilatın nizamnaməsinə, həm də beynəlxalq hüquq normalarına zidd olardı. Azərbaycan BMT Nizamnaməsinin tələblərinə əməl edərək Ermənistanın 27 il ərzində saya salmadığı BMT-nin məlum dörd qətnaməsinin icrasını təkbaşına, savaş meydanında təmin etdi. Bu gerçəklik Ermənistan hakimiyyətinə də yaxşı məlumdur. N.Paşinyan bunu bilə-bilə KTMT-ni şantaj etməkdən çəkinmirsə və heç bir məntiqi əsası olmayan şikayətini ictimai şəkildə dilə gətirirsə, deməli, o, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatında səmimi deyil. Bəzən belə bir təəssürat da yaranır ki, Ermənistanın paytaxtında revanşistlərin davam edən etiraz yürüş və mitinqləri Paşinyan hökumətinin pərdəarxası xeyir-duası ilə baş verir, dəyişkən mövqeyi üçün bəhanə rolunu oynayır.

Çox guman ki, Ermənistan hakimiyyətinin mövqeyində sabit olmaması və bundan irəli gələn ziddiyyətli bəyanatları Avropa İttifaqı Şurasının rəhbərliyinin də diqqətindən yayınmır. Bütün bunlara baxmayaraq, Prezident Şarl Mişelin mayın 23-də sayca üçüncü olan üçtərəfli Brüssel görüşünün yekunlarına dair mətbuata verdiyi açıqlamalar ümid yaradır ki, Ermənistan hakimiyyəti ənənəvi siyasi imitasiya oyunlarından əl çəkəcək və Avropa İttifaqı Şurasının səylərinə, bu mötəbər qurumun siyasi nüfuzuna kölgə salmaqdan çəkinəcək. Ermənistan cəmiyyətini də inandıra biləcək ki, mənasız xülyalarla yaşamaq Ermənistana yalnız faciələr gətirir. Daha ağır faciələrdən qaçmağın yeganə yolu Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarından imtina etməkdən, ölkələrin ərazi bütövlüyünü və suverenliyini qəbul etməkdən, dinc birgəyaşayış qaydalarına uyğun şəkildə yaşamaqdan keçir. Ermənistan hakimiyyətinin bu gerçəkliyi və Azərbaycanın bölgədə yaratdığı yeni reallığı nə qədər dərk etdiyini, siyasi imitasiyalarına son verib-verməyəcəyini yaxın həftələrdə görəcəyik. Üçüncü Brüssel görüşündə bunu yoxlamağa imkan verən razılaşmalar əldə edilib, konkret öhdəliklər müəyyən olunub. Ümid edək ki, bu cür konkretlik Ermənistanın süni manevr imkanlarını məhdudlaşdıra biləcək.

Ülvi Quliyev,

Milli Məclisin deputatı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...