Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtləri açıqlanıb
Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir.
“Report”un verdiyi xəbərə görə, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırmışdı.
Ankara həmçinin israr edir ki, hər hansı yeni NATO namizədi həm Türkiyə daxilində, həm də Suriya və İraqda kürd silahlı birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etsin. Türkiyə istəyir ki, İsveç və Finlandiyanın bloka qoşulmasına icazə verilməzdən əvvəl həmin dövlətlər təkcə PKK deyil, həm də onun qollarını açıq şəkildə pisləsinlər.
Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.
2130 dəfə oxundu