Sərdar Cəlaloğlu: “Azərbaycan Kommunist Partiyasının fəaliyyəti məhdudlaşdırılmalıdır”
“Azərbaycan rəsmi şəkildə Ukraynaya dəstək verir və Rusiyanın işğalçılıq siyasətini tanımır. Rusiyanın SSRİ-ni bərpası Azərbaycanın dövlət müstəqilliyinin ləğv olunmasına bərabərdir. Ona görə də Azərbaycan dövlətinin rəsmi mövqeyinə zidd mövqe nümayiş etdirən ayrı-ayrı siyasi qüvvələrin, eləcə də Azərbaycan Kommunist Partiyasının fəaliyyəti məhdudlaşdırılmalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, milli maraqlar naminə həmin siyasi qüvvələrin fəaliyyəti qadağan edilməlidir: "Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycandakı ruspərəst qüvvələr çox zəif və simasızdırlar. Yəni, onların, o cümlədən Azərbaycan Kommunist Partiyası sədri Rauf Qurbanovun Rusiyanı müdafiəsi Azərbaycan cəmiyyəti üçün heç bir məna kəsb etmir. Həmin partiya sədri üçün kommunizm Rusiyaya bərabərdir və guya kommunizmi təbliğ edir. Bəs sual yaranır ki, Ukraynada kommunistlər yoxdur?! Rauf Qurbanov, doğrudan da, ideoloji mövqe ortaya qoyursa, rus kommunistlərini müdafiə etdiyi qədər ukraynalı kommunistləri də o qədər müdafiə etməli idi. Amma Rauf Qurbanov deyir ki, Ukraynada hamı faşist, Rusiyadakılar isə ən ideal insanlardırlar. O, ikili standartlarla yanaşır. Əgər Azərbaycan Kommunist Partiyası müstəqildir və Rusiyanın əlaltısı deyilsə, dünya kommunistlərinin hər birinə eyni münasibəti göstərməlidir”.
1880 dəfə oxundu