Ramiz Mehdiyevdən "istefa" oyunbazlığı: Vermişəm, amma sərəncam gözləyirəm

Ramiz Mehdiyevdən "istefa" oyunbazlığı:

“İstefamı elan etmişəm. Prezidentə müraciət etməliyəm, cənab Prezidentin sərəncamı olandan sonra bu işdən gedəcəyəm”.
Yuxarıdakı ifadələri iki gün öncə yerli mətbuat orqanlarından birinə AMEA prezidenti Ramiz Mehdiyev bildirib. O, bir neçə gün öncə Akademiyanın Rəyasət Heyətinin iclasında AMEA-dakı postunu tərk edəcəyini bildirmiş, bundan sonra evdə oturub, kitablar yazacağını demişdi. Bu xəbərin üzərindən üç gündən artıq vaxt keçsə də, Mehdiyev hələ də öz postunda qalıb. Gəldiyi gündən Akademiyanın rəsmi saytını siyasi arenaya çevirən, saytın imkanlarından sui-istifadə edərək, bir çox siyasi kimliyi olan şəxsləri – müxalifət liderlərini, müəyyən deputatları hədəf alan AMEA Prezidenti Ramiz Mehdiyev niyə hələ də dediyi sözə - istefa verəcəyi ilə bağlı açıqlamasına əməl etmir?


Onun istefa müraciəti ilə ölkə Prezidentinə müraciət edəcəyi, görünür, elə kağız üzərində söz olaraq qalacaq. Yaxşı, bəs AMEA-da ölkənin professoru, doktoru, alimi ünvanı alan ziyalılarımız məsələyə nə üçün səsini çıxarmır? Onlar, gəldiyi gündən bu yana AMEA binasını öz mühafizə qalasına çevirib, Akademiyanın saytı vasitəsilə siyasi rəqiblərini hədəf almağa çalışan bu qoca barədə niyə hər hansısa tədbir görmürlər?

Məsələn, onlar bu haqda ölkə Prezidentinə müraciət edə, Kərim Şükürov kimi öz istefa məktubunu təqdim edə bilərlər. Elə isə dəyərli elm adamlarımız bu addımı niyə atmırlar? Ramiz Mehdiyevin hələ də o postda qalması, vəzifəsindən istefa verməkdə dirənməsi həmin şəxslərə hansısa fayda, xeyir verir, ya onlar bu “zəhmli” qocadan çəkinirlər? İki ildən çoxdur Akademiyada Prezident postunu tutan Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda hansı müsbət dəyişiklik baş verib? Nə icad etmişik? Hansı nailiyyətlərə imza atmışıq? İki ildir dəyişən tək şey “hörümçək”in “spayder” olmasıdır.

Yaxşı, “hörümçək”i “spayder” etdik, bəs AMEA-da hörümçək kimi tor salıb, oranı öz şəxsi qalasına çevirən Ramiz Mehdiyev necə? Onu da dəyişə biləcəyikmi? Təəssüf ki, bununla bağlı AMEA-dan heç bir alim, professor suallarıma cavab vermədi, daha doğrusu, vermək istəmədi. Bu yaxınlarda AMEA-dan istefa verən tarix elmləri doktoru, professor Kərim Şükürovla əlaqə yaratmağa çalışdım. Telefonu köməkçisi açıb, onun iclasda olduğunu söylədi. Növbəti zəngimdə isə həmin köməkçi professorun “telefonu otağında unutduğunu” dedi. Daha sonra AMEA-nın mətbuat katibi Azadə Balayeva ilə əlaqə saxlamaq istəsəm də, telefonuna zəng çatmadı. Onu da qeyd edim ki, Azadə xanım AMEA Rəyasət Heyətinin mətbuat katibi vəzifəsinə elə bu yaxınlarda – fevralın 3-də təyin olunub.

Onun telefonu açmamağını normal hal kimi qəbul edərək, sorğumu paytaxt sakinləri arasında apardım - ölkənin alimləri, professorları baş verənlərə nə deyir? Onlar nəyi gözləyirlər? Akademiyada baş verənlərlə bağlı gənc nəslin bir çox nümayəndəsi ya məlumatsızdır, ya da bu haqda danışmaq onlara vaxt itkisi kimi gəlir. Amma onlardan fəqli olaraq, ki, yaşlı və bir qədər ziyalı paytaxt sakinləri məsələyə olduqca realist yanaşırlar. Onlardan biri bildirdi ki, Milli Məclisdə olduğu kimi, elə AMEA-da da aidiyyatsız insanlar çoxdur:

“Onlardan hansısa reaksiya, cavab gözləməyin. Onsuz da mənasızdır. İşlədikləri, maaş aldıqları yerdir. Kim durub maaş aldığı, dolandığı iş yerinin rəhbəri haqqında nəsə neqativ söz deyər? Milli Məclisdə olduğu kimi, AMEA-da da aidiyyatsız, əlaqəsiz insanlar çoxdur. Nə desinlər? Desinlər ki, kaş istefa verib gedəydi, onların da canı qurtaraydı? Onlar heç nə deməyəcəklər. Ta ki, Ramiz Mehdiyev həqiqətən o binadan ayrılıb gedənə qədər. Necə ki, vaxtilə o, Prezident Administrasiyasının rəhbəri olduğu zaman Milli Məclisdə heç kimin səsi çıxmırdı, getdikdən sonra hər kəs həqiqət, ədalət mücəssəməsi oldu, bu da elə. Nə qədər ki, o ordadır, öz bildiyini edəcək. Ordakı hər kəs də buna susacaq. Öz ləyaqətinə sığışdıra bilməyənlər onsuz da istefa verirlər”,– deyə, sakin bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...