Ermənistan dövlət sərhədində niyə təxribat törədir? - Polkovnikdən açıqlama

Ermənistan dövlət sərhədində niyə təxribat törədir? -

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Bu gün Ermənistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada 3 hərbçisinin öldüyünü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatın məqsədi nədir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov "Unikal"a açıqlamasında bildirib ki, mütəmadi olaraq sərhəddə ermənilər tərəfindən atəşkəs pozulub. Onun sözlərinə görə, Azərbaycan dövləti və Ordumuzun rəhbərliyi lazım olan addımları atır:

"Azərbaycan-Ermənistan dövlət sərhədində xidmət edən hərbçilərimizin şəraiti yaxşılaşdırılır, təhlükəsizlik tədbirləri görülür. Biz düşmənlə sərhəddəyik. Buna görə də səngərlərdə, postlardayıq. Bu, sərhəd ifadəsinə deyil, daha çox düşmənlə təmas xəttinə bənzəyir. Ermənistanın həm daxilində, həm də xaricində bu regionda sülhün bərqar olunmasında maraqlı olmayan qüvvələr var. Mütəmadi olaraq buna mane olmağa çalışırlar. Bunun üçün də Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlar törədir. Məlum olduğu kimi, demarkasiya və delimitasiya məsələsi hələ ki, həll olunmayıb. Azərbaycan müəyyən xəritələr əsasında öz sərhədini müəyyənləşdirib və həmin xətdə çıxıb. Ermənistanda isə bu istiqamətdə maarifləndirmə olmayıb. Həmçinin, bunu sərhəd kimi qəbul etmirlər. Hələ ki, Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Belə hallar olacaq, buna hazır olmalıyıq".

Polkovnik xatırladıb ki, Ermənistan silahlı qüvvələrini darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etmişik:

"Amma onlar düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkməyiblər. Ermənistan elə bir dövlətdir ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar həmişə müəyyən xarici qüvvələrin aləti olublar. Bu hazırda da davam edir. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri artıq reallığa çevrilir. Bu yaxınlaşdıqca, buna mane olmaq istəyən müəyyən revanşist qüvvələr hərəkətə keçir. Biz düşməni öz torpaqlarımızdan sərhəd çərçivəsinə çıxarmışıq. Bunun davamı olaraq Azərbaycan delimitasiya və demarkasiya məsələsinə nail olacaq, qarşıda duran bütün məqsədlərə çatacayıq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlama məcbur olacaq", - deyə Ş.Ramaldanov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...