Türkiyə XİN: Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub.
“Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, İngiltərə və Fransanın bu gün səhərə yaxın Suriya rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir. Rejim tərəfindən həyata keçirdiyi yönündə güclü şübhə olan Duma hadisəsi qarşısında bütün insanlığın vicdani duyğularına uyğun olan bu əməliyyatı məmnunluqla qarşılayırıq. Kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahları ilə mülki şəxsləri hədəf alan hücumlar insanlığa qarşı cinayətdir. Yeddi ildən çoxdur ki, istər adi silahlar, istərsə də kimyəvi silahlarla öz xalqına zülm edən Suriya rejiminin insanlığa qarşı cinayətləri, eləcə də hərbi cinayətləri ortadadır. Beynəlxalq ictimaiyyətin vicdanında bu məsələdə şübhə yoxdur. Türkiyə bu cür cinayətlərin cəzasız qalmaması və günahkarların cəzalandırmasının bənzər hadisələrin təkrarının qarşısının alınması baxımından kritik önəmə sahib olduğuna inanır”, - deyə açıqlamada bildirilir.
850 dəfə oxundu