ABŞ mətbuatı Trampı “atəş”ə tutdu: “Putini Ağ Evə hansı məqsədlə çağırmısan…”
“Foreign Policy” jurnalı: “Tramp özünü ABŞ hökumətinə aid hesab etmir”
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Vaşinqtona müzakirələr üçün dəvət edib. Hər halda Putinin xarici siyasət məsələlər üzrə müşaviri Yuri Uşakovun mətbuata verdiyi xəbərdə iki prezident arasında gedən telefon söhbətində belə bir mövzunun keçdiyi deyilir. Uşakov Putinin bu təklifə etinasız yanaşmadığını gizlətmir.
Lakin ABŞ-da deyəsən, Trampdan başqa Putinə “xoş gəlmisən” deyəcək kimsə yoxdur. Bunu ABŞ-ın aparıcı qəzetlərində gedən icmallardan da aşkar görmək mümkündür.
“Preizdent Trampın Vladimir Putini Ağ Evə dəvət etməsi ABŞ administrasiyasının Rusiyaya münasibətdə daha sərt siyasətə keçməsini durdura bilər”, - “Foreign Policy” jurnalından Emili Temkin və Robbi Qreymer yazır.
“D.Trampın bu dəvətini ancaq bir kəlmə səciyyələndirə bilər: “Qəribədir…”, - “Atlantic Council”dan Anders Aslund müəlliflərə bildirib.
“Biz ABŞ-ın Rusiya ilə bağlı iki fərqli siyasətini izləyirik, birini prezident D.Tramp, digərini isə ABŞ hökuməti aparır. Bundan dəhşətli heç nə ola bilməz”, - Aslund qeyd edib.
“Biz D.Tramp və administrasiyasının nə etdiyinə köklənməliyik. Burada əməl sözdən qabağa keçib. Biz isə Tramp administrasiyasının sözlərinə yox, əməllərinə daha çox diqqət yetirməliyik”, - Kolumbiya universitetinin politoloqu Timoti Fray rəyini söyləyib.
“Son gəlişmə ən çox yeni müşavir Con Boltonun eitrazına səbəb olmalıdır. Rusiya seçkilərimizə müdaxilə etdikdən, Britaniyada kəşfiyyatçılara sui-qəsd olunduqdan, İran və Suriyanı dəstəklədikdən, Ukraynanın bir hissəsini işğal etikdən sonra ABŞ-ın zəif iradəli prezidenti D.Tramp Vladimir Putini görüşə çağırır”, - The Washington Postdan Cennifer Rubin hiddətlə yazır.
“Əlbəttə, bu dəvət ABŞ-ın 60 rus diplomatını qovmaqla verdiyi mesajın və Rusiyanın Şərqi Qutada törətdiyi dəhşətli qırğınlarına görə etdiyi xəbərdarlıqların gücünü heçə endirəcək”, - keçmiş diplomat Erik Edelman müəllifə bildirib.
“Bu dəvət Trampın Rusiyaya qarşı sərt mövqe tutması kimi absurd fikri ortadan qaldırır”, - “Center for American Progress” təşkilatının Moskva layihəsinin rəhbəri Maks Berman C.Rubnin yazısında rəyini bildirib.
“Onlar (Tramp administrasiyası) nə sanksiya haqqında qanun qəbul edən, nə də Rusiyanın dezinformasiya fəaliyyətinə bir sent də ayıran deyillər”, - Berman davam edib.
“Yeni müşavir Con Bolton həmişə keçmiş prezident Barak Obamanı Rusiyaya qarş zəif siyasət yürütməkdə ittiham edirdi. Amma Obama heç olmasa, Putini Ağ Evə dəvət etməmişdi”, - Ceniffer Rubin yekunda yazıb.
“The New York Times”dan Endryu Higgins və Piter Beyker görüş təklifinin ən çox Ruisya tərəfini məmnun etdiyini yazıblar. Müəlliflər görüşün indiki anda baş tutmasının Trampın yeni xarici siyasət komandasının mövqelərinə zidd olacağını vurğulayır. Həm dövlət katibi Maykl Pompeo, həm də yeni təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton Rusiyaya qarşı “quzğun siyasətçilər” sayılırlar.
“Corctaun” Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa araşdırmaları mərkəzinin direktoru, keçmiş kəşfiyyatçı Ancela Stent rusların gündəm dəyişdirmək istədiyi fikrini müdafiə edir. A.Stentin fikrincə, ruslar hətta bu görüşün Pompeo və Boltonun rəsmi olaraq vəzifələrinə başladığı günədək keçirilməsini istəyə bilər.
“The Wall Street Journal”dan Tomas Qrouv Uşakovun sözlərini Kremlin bir daha Vaşinqton isteblişmentinin başının üstündən Donald Trampla əlaqə qurmaq istəmək cəhdi kimi qiymətləndirir.
“Kreml onsuz da həmişə olub-bitənə görə Trampı deyil, Vaşinqtonun digər dairələrini ittiham edib. Bununla onlar ABŞ prezidenti və digər siyasi xadimlər arasındakı ziddiyyətlərdən həmişə istifadə etməyə çalışıblar”, - Tomas Qrouv yazır.
750 dəfə oxundu