“Nalbandyanın danışıqlara qarşı xüsusi fobiyası var” – XİN

 “Nalbandyanın danışıqlara qarşı xüsusi fobiyası var” –

Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir.
Bunu AzVision.az açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün İrəvanda Lüksemburqun xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür.

"Bununla, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan ərazilərinin işğalının davam etdirmək kimi çirkin məqsəd güdür. Münaqişənin fundamental əsasını təşkil edən işğal faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması əvəzinə, Ermənistanın siyasi-hərbi rəhbərliyi qəsdən danışıqlarda diqqəti texniki-köməkçi məsələlərə yönətməyə çalışır.

Ermənistanın bir dövlət olaraq Azərbaycanın əzəli torpaqlarında yaradıldığı tarixi faktdır. Ermənistanın siyasi-hərbi rəhbərliyinə XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən yalnız İrəvan şəhərində aparılmış əhalinin siyahıyaalma statistikasına nəzər salmağı tövsiyə edərdik.

Hələ də mifik və xəstə “böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkərək, müxtəlif əfsanələrlə erməni xalqını aldatmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti yürütməklə məşğuldur.

Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi əməllərinə görə məsuliyyətini etiraf etməli, BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə görə daşıdığı öhdəliklərinə əməl etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır", - deyə XİN sözçüsü qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...