Keri Kavano: “Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə çalışmalıdır”
Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ probleminin həllində Rusiya ilə əməkdaşlıq etməlidir.
APA-nın xəbərinə görə, bunu TASS agentliyinə Nyu-Yorkun Beynəlxalq məsələlər üzrə Şurasının eksperti, bundan əvvəl ABŞ-ın Avrasiyada münaqişələrin nizamlanması üzrə xüsusi nümayəndəsi, professor Keri Kavano bəyan edib.
“Prezident Tramp artıq Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə fəaliyyət digər sahələrdə də əməkdaşlığa təkan verə bilər. Bu, ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır. Tərəflər ümumi məqsədlərə cavab verərək qarşıdurma ehtimalını azalda,münaqişənin sülh yolu ilə həllinə töhfə verə bilərlər”, deyə K.Kavano qeyd edib.
1999-2001-ci illərdə ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri olan K.Kavano deyib ki, Minsk prosesinin nəticə vermədiyini demək düzgün olmazdı: “Bölgədə genişmiqyaslı toqquşmaların olmaması bunun bariz nümunəsidir. Hazırda münaqişə zonasında ATƏT müşahidəçilərin sayının artırılması, təmas xəttində insidentlərin araşdırılması üçün müstəqil mexanizmin yaradılması zəruridir. Bu, atəşkəsin pozulması hallarının sayını azalda bilər. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflərin maraqlarına uyğundur”.
995 dəfə oxundu