“Sülh Platforması Ermənistanı fakt qarşısında qoyub” - Deputat Rövşən Rzayev
Millət vəkili həmtəsisçisi olduğu “Ermənistan-Azərbaycan Sülh Platforması”nın mahiyyətini açıqladı; “Azərbaycan torpaqlarının hər bir qarışı uğrunda mübariz aparacağıq”
“Biz onlara göstərmək istəyirik ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgə yaşayışı mümkündür”
2016-cı il 7 dekabrda Bakıda təsis olunan “Ermənistan-Azərbaycan Sülh Platforması”nına yeni üzvlərin qoşulması prosesi davam edir. Bir sıra müşahidəçilər hesab edir ki, vətəndaş cəmiyyəti təmsilçilərinin başlatdığı və Azərbaycan hakimiyyətinin də dəstəklədiyi bu proses əslində rəsmi Bakının son illərdə Qarabağ problemi ilə bağlı nail olduğu ən uğurlu hadisədir.
Bəzi ekspertlərə görə, xüsusilə də erməni fəalların Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Xocalı soyqırımına görə Ermənistan hakimiyyətini ittiham edərək və üzr istəyərək Sülh Platformasına qoşulması Sərkisyan hakimiyyəti üçün gözlənilməz olub. Ancaq “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı gedən prosesə Azərbaycanda da münasibət birmənalı deyil. Bütün bunlarla əlaqədar Sülh Platformasını imzalayan şəxslərdən biri, Milli Məclisinin deputatı, Dağlıq Qarabağ İcma Şurasının idarə heyəti üzvü Rövşən Rzayevə müraciət etdik.
- Rövşən bəy, Sülh Platformasının məram-məqsədləri nədən ibarətdir? Bu qurumun hədəfləri sırasına nələr daxildir? Bəlkə bütün bunları bir daha açasınız ki, cəmiyyətdəki suallar da aradan qalxsın.
- Bu gün Azərbaycan vətəndaşları əmin olsunlar ki, bütün fəaliyyətimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəlib. Möhtərəm cənab prezident buna nail olmaq üçün Minsk Qrupu çərçivəsində bütün imkanlardan istifadə edir. Mən əminəm ki, yaxın zamanlarda Azərbaycanın bu əsas probleminin həllində böyük imkanlara malik olacağıq. Biz bunu bacaracağıq. Bir tərəfdən sülh prosesi davam edir, digər tərəfdən isə möhtərəm cənab prezidentin Ali Baş Komandan kimi Azərbaycanın Silahlı Qüvvələrinə çox böyük diqqət və qayğısı mövcuddur. Ermənistan-Azərbaycan Sülh Platforması ondan ötrü yaradılıb ki, Ermənistan hakimiyyətinin işğalçı siyasətini davam etdirməsinə baxmayaraq, biz və Ermənistanın müəyyən qrupları bu problemin sülh yolu ilə həllinin alternativsiz olduğunu görürük və sülhü dəstəkləmək üçün öz töhfəmizi veririk. Bu proses davam etdirilir. Sülh Platformasına qoşulan hər bir şəxs hazırlanmış forma var, onu imzalayır. O formada da qeyd olunur ki, Azərbaycanın Dağıl Qarabağ bölgəsini Azərbaycan Respublikasının ərazisi kimi tanıyan və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini istəyən adamlarının sayının artırılmasının tərəfdarıyıq. Bu istiqamətdə də müəyyən işlər aparılır. Düşünürük ki, bu, düzgün istiqamətdir və bu iş üzərində də işlər aparılır. Güman edirəm ki, yaxın zamanlarda bizim sıralarımız həddindən artıq artacaq və biz Ermənistanın işğalçı rəhbəri, Xocalı soyqırımının həm təşkilatçısı, həm də iştirakçısı olan Serj Sərkisyanın bu cür qeyri-konstruktiv mövqe tutduğunu sübuta yetirəcəyik.
- Azərbaycan rəhbərliyinin mövqeyi bəllidir, bütün baş verənlərə, tökülən qanlara rəğmən qisasçılıq hissindən uzaq olub sülh yolu ilə ərazi işğalına son verilməsi, normal qonşuluq şəraitində yaşayışı mümkün sayır. Ermənistan hakimiyyəti isə tamamilə fərqli mövqedədir. Üstəlik, İrəvandan Sülh Platformasına dəstək yoxdur, hətta bu prosesə qoşulanlar təqib olunur. Amma sülh imzalanacaqsa, bu, hakimiyyətlər arasında imzalanacaq. Belə olan təqdirdə qoşulduğunuz işin perspektivi barədə nə deyə bilərsiniz?
Yanaşmanız tamamilə doğrudur. Ermənistan işğalçı siyasətinə, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmasına müəyyən don geyindirməkdən ötrü ən müxtəlif iddialar səsləndirib. Xatırlayırsınızsa, Ermənistanın keçmiş prezidenti Köçəryan 2008-ci ildə Moskvadakı çıxışında demişdi ki, azərbaycanlılarla ermənilər arasında etnik uyğunsuzluq var və birgəyaşayış qeyri-mümkündür. Biz isə onlara göstərmək istəyirik ki, ermənilərlə azərbaycanlıların, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgəyaşayışı mümkündür. Biz istəyirik ki, əvvəlki illərdə olduğu kimi, bundan sonra da bir yerdə, dinc şəkildə yaşayaq. Bunlar Ermənistanın dünya birliyinə yönəlik yalançı siyasətinin qarşısını almaqdan ötrü atılan addımlardır. Yəni, bu, işğalçı ölkə rəhbərliyinin dediklərinin əksinə aparılan bir fəaliyyətdir. Məncə, burada qeyri-adi bir şey yoxdur, hər şey açıq və göz qabağındadır.
- Azərbaycanın bu təşəbbüsü beynəlxalq aləmdə necə qarşılanır? Reaksiyalar gəlirmi?
Bir çox ölkələrin siyasiləri, bir sıra jurnalistləri qısa müddət ərzində bizi dəstəkləyiblər. Bu dəstəyi bir az da artıq qazanmaqdan ötrü bu gün də Platformaya qoşulanların hər biri fəaliyyətdədir. Təbii ki, biz bunun genişləndirilməsinin tərəfdarıyıq. Bizim sayımız artdıqca, səsimiz dünyanın aparıcı ölkələrinin rəhbərliyinə daha tez çata bilər.
- Belə qənaətə gəlmək olarmı ki, işğalçı ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri təqiblərdən çəkinməsəydi, prosesə daha çox dəstək verənlər olardı?
- Tamamilə doğrudur. Ermənistandan qoşulanların sayı kifayət qədər, biz gözlədiyimizdən də artıqdır. Hətta Dağlıq Qarabağdan 19-20 yaşında bir qız (Xankəndindən olan gənc yazıçı Lusine Nersisyan-E.P.) platformaya qoşuldu və dərhal ona qarşı müəyyən təzyiqlər başladı, əleyhinə mətbuatda kampaniya başladı. Bütün bu təzyiqlərə baxmayaraq, platformaya üzv olan ermənilərin sayı artır. Biz də maraqlıyıq ki, biz bu prosesi nə qədər tez yekunlaşdırsaq, bir o qədər də tez nəzərdə tutduğumuz hədəflərə çatarıq.
- Bakının başlatdığı alternativ prosesi sükutla müşahidə edən Ermənistan hakimiyyəti müharibənin başlayacağını vaxtaşırı bəyan edir və narahatlığını davamlı şəkildə dilə gətirir. Sizcə, Sərksiyan hakimiyyəti nədən narahatdır?
- Müşahidəçiləriniz doğrudur. Ermənistanın rəhbərliyi Dağlıq Qarabağdan əsgərliyə çağırılan gəncləri öz hakimiyyətini saxlamaq üçün Ermənistana aparır, İrəvanda qulluq etdirir, ancaq heç bir günahı olmayan Ermənistan vətəndaşlarını isə Dağlıq Qarabağa göndərir, onlar da orda ordumuz tərəfindən məhv edilir. Ancaq cənab prezidentimizin dediyi ki, erməni əsgəri ölmək istəmirsə, bizim torpaqda nə işi var? Aprel hadisələri də göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməkdə israrlıdır, ölkəmizin buna hərbi qüdrəti çatır. Eyni zamanda Azərbaycan gəncliyi hər zaman döyüşə hazırdır. Bundan əlavə, cənab prezidentin Cocuq Mərcanlının bərpası haqda verdiyi sərəncamın ardınca bütün kənd sakinlərinin öz doğma yurduna köçmək arzusunu bildirməsi təbii ki, Ermənistan ictimaiyyətində böyük narahatlığa səbəb olub. Ermənistan hakimiyyəti başa düşür ki, ölkənin vətəndaş cəmiyyəti bu platformaya qoşulduqca Ermənistanın apardığı siyasi oyunların sonu çatacaq. Bizim nəzərdə tutduğumuz işlər bundan ibarətdir. İşğalçı siyasəti aparan Sərkisyan rejimi qarşıdakı seçkilərdə qələbə çalmaqdan ötrü Qarabağ kartını bir az da şişirtməyə çalışır. Biz də bunun qarşısını almaq üçün nə imkanımız varsa, etməliyik. Mən çox istərdim Azərbaycan vətəndaşları, gənclərimiz bilsin ki, Azərbaycan heç bir zaman torpaq itkisi ilə barışmayacaq! Möhtərəm prezidentimiz dediyi kimi, Azərbaycan ərazisində heç zaman ikinci erməni dövləti yaranmayacaq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və hər bir azərbaycanlı, istər Şuşada, istər digər işğaldakı rayonlarımızda yaşamış hər bir vətəndaşımız öz torpağına köçəcək, buna mənim qəti şübhəm yoxdur.
- Platformaya üzvlük nə vaxta qədər davam edəcək və növbəti addım nədən ibarət olacaq?
- Biz gözləyirik ki, sayımız artsın və səsimizi Minsk Qrupuna daxil olan dövlətlərin rəhbərləri eşitsin, bizim mövqeyimizə hörmətlə yanaşılsın və problemin həlli prosesində mövqeyimiz nəzərə alınsın.
- Sizin başlatdığınız prosesi xalq diplomatiyasının bir hissəsi saymaq olarmı?
- Bu, xalq diplomatiyasının bir hissəsidir və sülhə gedən yollardan biridir.
- Bundan əvvəl də bir proses başlamışdı və sizin də iştirak etdiyiniz heyət Dağlıq Qarabağa, Ermənistana səfər etmişdi. Ancaq Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi bu sülh prosesini tormozladı. Analoji vəziyyətin yaranacağından narahat deyilsiniz ki?
- Bəli, 2009-cu ildə mən Şuşada və Ermənistanda olmuşam. O proses bu gün də davam edir. Biz, Dağlıq Qarabağın azərbaycanlı icması, Dağlıq Qarabağın erməni icmasını dialoqa dəvət edirik. Eyni zamanda daha önəmlisi Ermənistan-Azərbaycan Sülh Platformasının yaranmasıdır. O istiqamətdə də işlər aparılır.
- Xalq artisti Zeynəb Xanlarovanın Sülh Platformasına qoşulmasına münasibət birmənalı olmadı. Böyük sənətkarın bu təşəbbüsə qoşulması sizcə, proses üçün nələr vəd edir?
- Azərbaycanda xüsusi hörmətə malik olan Zeynəb Xanlarovanın bu təşəbbüsə qoşulması ciddi hadisədir. Sülh Platformasının üzvləri Zeynəb xanıma yaxınlaşıb ondan xahiş etdilər ki, o da öz şəxsi nüfuzundan istifadə edib bizə bu istiqamətdə dəstək olsun. Sağ olsun Zeynəb xanım da bizdən öz köməyini əsirgəmədi və bizi dəstəklədi. Zeynəb xanım Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasında maraqlıdır. Dünya miqyasında tanınmış bir sənətkarın bu prosesə qatılmasının özü mühüm hadisədir. Hesab edirik ki, bu addım prosesə öz töhfəsini verəcək. Beləliklə, biz həm Azərbaycandan, həm Ermənistandan, həm də Avropa ölkələrinin və dünyanın digər ölkələrinin siyasi şəxslərini bu platformaya üzv etməklə nəzərdə tutduğumuz məqsədə nail olmağa çalışırıq. Bütün atılan addımlar Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına imkanımız daxilində dəstək verməyə yönəlib.
- Yəqin ki, siz ermənilərlə sülh prosesini apararkən Qarabağda şəhid olan qəhrəmanlarımızın yaxınlarının, Qarabağ qazilərinin, veteranların, yurdu yağmalanan insanlarımızın da mövqeyini nəzərə alırsınız. Elə bu günlərdə yenə şəhid verdik.
- Allah bütün şəhidlərimizə rəhmət eləsin! Çox narahatam ki, bu cür hallar baş verir. Mən çox istərdim ki, bu cür qanlı hadisələr bizdən uzaq olsun. Mən şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Təbii ki, biz bütün bu amilləri, onların mövqeyini nəzərə alırıq. Ancaq əmin edirəm ki, bizim başlatdığımız proses torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində mübarizəmizdən başqa bir şey deyil. Bacardığımız qədər Azərbaycanın, bizim hər birimizin vətənimiz uğrunda mübarizəni davam etdirəcəyik. Tam əminəm ki, yaxın gələcəkdə ərazi bütövlüyümüzü möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi altına təmin edə biləcəyik. Bu məsələ ilə bağlı kiminsə sualları varsa, bir neçə gündən sonra mən ezamiyyətdən Bakıya qayıdacağam, mən hər kəslə görüşməyə hazıram.
- Rövşən bəy, sizdəmi o fikirdəsiniz ki, əgər sülh cəhdləri istənilən nəticəni verməsə, hərbi yolla torpaqların azad olunması lazım gələcək?
- Əlbəttə. İstəyirəm bu fikri qeyd edəsiniz: Azərbaycanda mənim kimi düşünən heç bir hərbçi yoxdur. Azərbaycan əsgəri öz işi ilə məşğuldur və əmr gözləyir. Biz də onların yanındayıq. Amma bizim apardığımız işdə məqsəd itki vermədən sülhə nail olmaqdır. Biz deyirik ki, Ermənistanın dünya ictimaiyyətinə nümayiş etdirdiyi yalançı siyasətinin qarşısını almaqdan ötrü bu addımı atırıq. Dünya ictimaiyyəti bilsin ki, ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluq yoxdur və biz heç bir zaman öz torpağımızı heç bir xalqa, o cümlədən bizə qarşı düşmən mövqeyində duran ermənilərə verən deyilik! Biz nə qədər varıq, o qədər də Azərbaycan torpaqlarının hər bir qarışı uğrunda mübariz aparacağıq! Azərbaycanın başlatdığı bu proses Ermənistanı fakt qarşısında qoyub. Üstəlik, regionda iri dövlətlər mövcuddur və hər bir dövlətin özünə uyğun siyasəti var. Azərbaycan aprel ayında sübut etdi ki, silah gücü ilə qısa müddətdə ərazi bütövlüyünü təmin edə bilər. Amma yenə də Azərbaycan sülhün tərəfdarıdır. Sülh danışıqlarının davam etdirilməsində qərarlı olan cənab prezident bir daha göstərir ki, Azərbaycan dövləti silah gücünə öz torpaqlarını azad edə bilər, Azərbaycan ərazisində beynəlxalq hüquq prinsiplərinə söykənərək antiterror əməliyyatları keçirtməyə tam hüququ və imkanı var, eyni zamanda biz sülh yolunu da zəruri sayırıq və bu istiqamətdə addımlar atırıq.
- Həmsədrlərin növbəti səfəri mart ayına planlaşdırılıb. Sülh Platforması üzvləri həmsədrlərlə görüşə bilərmi?
- Ola bilər. Mən də istərdim ki, həm Sülh Platforması, həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq həmsədrlərlə görüşək, mövqeyimizi bir daha onlara çatdıraq.
905 dəfə oxundu