Sabirabad rayon Perinatal Mərkəzi Şirvan şəhərinə köçürüləcək
Sabirabad rayon Perinatal Mərkəzi Şirvan şəhərində yerləşən Doğum evinə köçürüləcək.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Nazirlər Kabineti tərəfindən Sabirabad rayon Perinatal Mərkəzin Şirvan şəhərində yerləşən Doğum evinə köçürülməsi barədə qərar qəbul edilib. Bu barədə Səhiyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və digər dövlət strukturlarına əmlak və sənədləşmə işlərinin aparılması üçün müvafiq göstərişlər verilib. Sənədləşmə prosedurları başa çatdıqdan sonra mərkəzin Şirvan doğum evinə köçürülməsinə başlanacaq və doğum evi Şirvan Perinatal mərkəz kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Sabirabad Perinatal Mərkəzi 2010-cu ilin dekabr ayından fəaliyyətə başlayıb. Hamiləliyin patologiyası və qəbulu, fərdi doğuş funksiyalarını həyat keçirən mərkəzdə fəaliyyət göstərən yeni doğulmuşların intensiv terapiya palatası, habelə əməliyyat bloku və laboratoriya bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla təmin olunub.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Sabirabad rayon Perinatal Mərkəzi əvvəllər Sabirabad Mərkəzi Rayon Xəstəxanasının Doğum evi kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, 2009-cu ildə bu doğum evi regionallaşdırma konsepsiyasına uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə regional perinatal yardımın yaxşılaşdırılması məqsədilə III səviyyəli perinatal mərkəz seçilib: “Lakin Sabirabad Perinatal Mərkəzin fəaliyyəti onu göstərdi ki, yola və uzaqlığına görə ora əhlinin gəlib çatması bir qədər çətindir. Ona görə Nazirlər Kabineti tərəfindən qərar verilib ki, həmin müəssisəsinin üzərindən Perinatal Mərkəz statusu götürülsün və əvvəlki kimi Sabirabad rayon Doğum evi kimi fəaliyyət göstərsin. Lakin Perinatal Mərkəz adı Şirvan Doğum evinə veriləcək. Bu o deməkdir ki, Şirvanda göstəriləcək xidmət II səviyyədən III səviyyəyə yüksələcək. Xəstəxanaların heç bir kadrı yerini dəyişməyəcək. Yalnız orada olan 1-2 xüsusi, bahalı avadanlıqlar, dövlət tərəfindən verilən xüsusi dərmanlar Sabirabaddan Şirvan Perinatal Mərkəzinə köçürüləcək. Bu proses üçün hələ hazırlıq işləri gedir və proses tam yekunlaşanda ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
1025 dəfə oxundu