“Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir”
“Azərbaycan və Gürcüstan 25 ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir”.
APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var:
“Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək”.
M. Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: “Əməkdaşlığımız Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”.
855 dəfə oxundu