Belarus Avrasiya İttifaqını həqiqətən tərk edir, yoxsa bu Lukaşenkonun növbəti blefidir?

Belarus Avrasiya İttifaqını həqiqətən tərk edir, yoxsa bu Lukaşenkonun növbəti blefidir?


Belarus prezidenti bu gün “Prezidnetlə böyük söhbət” adı altında geniş mətbuat konfransı keçirərək bütün məsələlərə aydınlıq gətirəcək
Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında “Breksit” vaqiəsi yaşana bilər.


Rusiya mətbuatında Belarus Respublikasının həm Avrasiya İqtisadi İttifaqından, həm də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatından çıxma ehtimalını dilə gətiriblər.

İki ölkə arasında uzun müddətdən bəri davam edən gərginliyi su üzünə çıxaran fakt Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun Rusiya-Belarus sərhədi boyunca sərhəd rejim zonalarının qurulması ilə bağlı 3 əmri olub.

Bortnikov imzaladığı əmrlərdə Bryansk, Smolensk və Pskov vilayətləri boyunca insanların və nəqliyyat vasitələrinin keçidi üçün avadanlıqların quraşdırılması tapşırıb. Bundan başqa, həmin yerlərdə xəbərdarlıq nişanları da qoyulacaq.

Rusiya tərəfi bunun dövlət sərhədini qorumaq məqsədilə həyata keçirildiyini bildirir.
Ekspertlərin rəyinə əsasən, Moskvanın bu addımı rəsmi Minskin yanvarın 9-da 80 ölkə, o cümlədən ABŞ və Avropa Birliyi ilə vizasız rejimin tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qərarla əlaqədar ola bilər.

Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqaviləyə əsasən formal olaraq sərhəd mövcud olmadığı üçün onun 3-cü ölkələrin vətəndaşları da sərbəst surətdə, heç bir yoxlanışa məruz qalmadan keçə bilərlər.

Rusiya rəsmilərinin fikrincə, bu durum həmin ölkələrdən arzuedilməz ünsürlərin ölkəyə daxil olmasına, o cümlədən qaçaqmalçılıq kimi fəaliyyətlərə geniş imkanlar yaradır.

Moskva aeroportlarında artıq Minskdən gələn şəxslərin sənədlərinin yoxlanılmasına başlanılıb.

Onu da qeyd edək ki, Rusiya və Belarus arasında sərhəd məntəqələrinin olmaması 3-cü ölkələrin (o cümlədən Azərbaycan) vətəndaşlarına, xüsusilə də ticarətlə məşğul olanlara əlverişli imkanlar verirdi.

“Biz Belarusun suverenliyinə hörmət edrik, lakin bizi 80 ölkə ilə tətbiq olunan vizasız rejim olduqca narahat edir”, - Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov jurnalistlərə deyib.
Minsk isə Moskvanın sərhəd zonalarının qurulması haqqında qərarı dövlət sərhədi haqqında iki ölkə arasında bağlanılan müqavilələrin pozulması kimi qiymətləndirib.

Bu barədə Belarus XİN-in mətbuat katibi Mariya Vanşinanın bəyanatında da deyilir.

“Bir çoxları Rusiya -Belarus sərhədində 20 il öncə ləğv olunan tam nəzarət rejimin geri gələcəyini düşünür. Bu isə Rusiya və Belarus arasındakı açıq sərhədlər prinsipi ilə ziddiyyət təşkil edir”- bəyanatda bildirilir.

Maoskvanın son addımı qarşı tərəfi xəbərdar etmədən birtərəfli şəkildə atdığını qeyd edən Vanşina bu cür koordinasiya edilməyən hərəkətlərin onlarda haqlı suallar doğurduğunu bildirib.

Bu səbəbdən artıq bir sıra məlumatlı mənbələrdən Belarus hakimiyyətinin Rusiyanın yaratdığı iqtisadi və hərbi qurumlardan çıxmaq qərarına gəldiyi barədə xəbərlər yayılmağa başlayıb.

Məsələn, “Regnum” xəbər portalında rəsmi mənbələrə istinadən hətta “Moskvanın Belarusun müstəqil dövlət olmaq arzusunu anlayışla qarşlayacağı” barədə informasiya da gedib.

Lakin hər iki ölkə rəsmiləri hələ ki, bununla bağlı çıxan xəbərləri təkzib etməklə kifayətlənirlər.

Lukaşenko-Putin çəkişməsi təkcə sərhədlərdəki vəziyyətlə əlaqədar deyil.

Rusiya Belarusun 450 milyon dollarlıq neft borcunun geri qaytarılmasını tələb edir və bu yöndə heç bir güzəştə getmir.

Bundan başqa, Belarus prezidentinin son dövrlərdə Avropa Birliyi ilə qurduğu sıx təmaslar Kremlin xoşuna getmir.

Xatırladaq ki, Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilaıtnın son zirvə toplantısına da nümayişkaranə surətdə qatılmaqdan imtina etmişdi.

Belarus liderinin KTMT-nin yeni baş katibi barəsində də Moksva ilə ciddi fikir ayrılıqları içində olduğu hər kəsə bəllidir.

Lukaşenko təşkilatda baş katib vəzifəsinə erməni generalının seçilməsinə imkan vermir.
Hər halda Aleksandr Lukaşenkonun bu gün keçirəcəyi böyük mətbuat konfransında bütün məsələlərə aydınlıq gətirilə bilər.

Mətbuat konfransının “Prezidentlə böyük söhbət” adı altında olduqca geniş formatda keçirilməsi nəzərdə tutulub.

Belarus politoloqları belə bir halın ilk dəfə baş verdiyini qeyd edirlər.

Çünki əvvəllər Belarus prezidenti bu cür tədbirləri sadəcə jurnalistlərin iştirakı ilə və ya xalq müraciət formasında həyata keçirirmiş.

İctimaiyyətlə ünsiyyətin yeni formatı Belarus liderinin önəmli qərarlar açıqlayacağından xəbər verir.

Ekspertlər Lukaşenkonun ölkədə demokratik islahatlar paketini açıqlayacağını da istisna etmirlər. Bunlardan biri də parlamentin yarı proporsional, yarı majoritar sistemi ilə formalaşdırılacağı ilə bağlı ola bilər.

Bununla Belarus liderinin gələcəkdə dövlətin taleyi ilə bağlı atılacaq addımlarda xalqın da geniş şəkildə siyasi prosesə cəlb edilməsini düşünə biləcəyi irəli sürülən ehtimallar arasındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1011 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...