YAP gəlir və xərclərini açıqladı - 7,7 milyon manat
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak etmiş, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib. 26 sentyabrda keçirilən referendumda Azərbaycan vətəndaşları böyük seçici fəallığı nümayiş etdirmiş, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə ediblər. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi oldu. Seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.
Hesabat ilində Yeni Azərbaycan Partiyası bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib. Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 000 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 514 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum ilə əlaqədar partiya hesabından referendum fonduna köçürmələrə, 162 573 manatı ezamiyyə xərclərinə, 140 623 manatı invertarların alınmasına, 1 919 722 manatı tikinti və təmir işlərinə, 357 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 425 manatı bank xidmətinə, 40 581 manatı dəftərxana xərclərinə, 41 645 manatı çap işlərinə, 133 109 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 7 582 108 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 939 197 manat qalıb.
912 dəfə oxundu