Milli Məclisdə Ermənistandan şəhid əsgərimizin nəşinin qaytarılması tələb edildi
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında Ermənistandan ötən ilin sonlarında şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılması tələb edilib.
Trend-in məlumatına görə, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə əməl etməli və əsgərimizin nəşini Azərbaycana verməlidir: “Biz Ermənistandan Azərbaycan əsgərinin nəşini qaytarmağı tələb edirik”.
A.Mirzəzadə bildirib ki, Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, onun üçün bir o qədər yaxşı olar: “1991-ci ildə Azərbaycanın 7 milyon, Ermənistanın isə 4 milyon əhalisi var idisə, indi Ermənistanda əhalinin sayı 2 milyondur, ancaq Azərbaycanda əhalinin sayı artıq 10 milyona çatıb. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq və regional layihələrin təşəbbüskarı kimi çıxış edir. Ancaq Ermənistan kiçik kreditlər üçün Avropa ölkələrinin qapılarında qalıb. Biz Ermənistana öz taleyini düşünməyi məsləhət görürük. Ümid etmək istəyirəm ki, Ermənistan nəhayət, normal bir təfəkkürə qayıdacaq”.
Deputat Qənirə Paşayeva da şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən hələ də geri qaytarılmamasına diqqət çəkib və Ermənistanın şəhid əsgərimizin nəşinin qaytarmalı olduğunu bildirib.
776 dəfə oxundu