AŞPA-nın komitə sədri Qarabağ məsələsinə görə Ermənistan nümayəndə heyətinin təzyiqi ilə üzləşib

AŞPA-nın komitə sədri Qarabağ məsələsinə görə Ermənistan nümayəndə heyətinin təzyiqi ilə üzləşib


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə sərbəst müzakirələr başlamazdan əvvəl Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Ariyev çıxış edərək Assambleya sədrinə və üzvlərinə şikayət edib.

APA-nın Avropa bürosunun məlumatına görə, o, Ermənistan nümayəndə heyəti üzvləri tərəfindən təzyiqə məruz qaldığını bildirib, bunu hazırladığı və sabah müzakirəyə çıxarılması nəzərdə tutulan “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatında işlətdiyi “Azərbaycanın Dağlıq Qarabağ regionu” ifadəsi ilə əlaqələndirib: "Ermənilər məndən bu ifadəni dəyişməyi tələb edir, təzyiq göstərirlər. Lakin mən hesabatımda heç bir dəyişiklik etməyəcəyəm".

Volodimir Ariyev jurnalistlərə açıqlamasında da “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatında ölkələrin ərazi bütövlüyü məsələsində heç bir güzəştin mümkün olmayacağını söyləyib: “Ermənistan nümayəndə heyətinin üzvü, xanım Rustamyan mənim Azərbaycan mətbuatında dərc edilmiş müsahibələrimin tərcüməsini zalda hamıya paylayırdı.

Mən həmin müsahibələrimdə demişəm ki, Azərbaycanla Ukrayna hər zaman yaxşı münasibətdə olmalıdır və haçansa Azərbaycanın xətrinə dəyəcək sözlər demişəmsə, buna görə üzr istəmişəm. Düzdür, mən əvvəllər Azərbaycana qarşı tənqidi fikirlər səsləndirmişəm. Amma mən deməli deyiləm ki, Azərbaycan yaxşı ölkə deyil, Ukrayna prezidenti bu ölkəyə səfər etməməlidir və s. Bunlar cəfəngiyyatdır.

Məni hətta ittiham edirlər ki, ulu nənəm Azərbaycan əsilli olub. Mənim rus, hətta yəhudi köklərim var. İndi mən nə edim? Əgər mənim rus köküm varsa, Rusiya hökumətinə qarşı danışmamalıyam? Bütün bunlar qeyri-sivil formada aparılan təzyiq formasıdır.

Erməni nümayəndə heyəti istəyir ki, belə təzyiqlər etməklə hazırladığım hesabatdakı “Azərbaycanın Dağlıq Qarabağ regionu” ifadəmi dəyişim. Amma mən bunu etməyəcəyəm. Çünki biz həmişə Avropa Şurasına üzv dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını dəstəkləməliyik. Mən yenə də Azərbaycanda insan haqları, demokratiya məsələlərinə dair tənqidi fikirlərimi söyləyəcəyəm. Ancaq dövlətlərin ərazi bütövlüyü məsələsində heç bir kompromisdən söhbət gedə bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...