Lapşinin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi
Bloger Aleksandr Lapşinin anası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, oğlunun əfv olunmasını istəyib. Virtualaz.org xəbər verir ki, bu barədə Belarusdakı İsrail konsulu Yuliya Raçinska-Spivakova bildirib. Lapşinin İsrail vətəndaşı olan və elə orada da yaşayan anası əfv xahişi ilə məktubu İsrail XİN-ə yollayıb. Bu ölkənin xarici siyasət idarəsi həmin məktubu Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycanın tələbi ilə Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Lapşin özü də İlham Əliyevin adına məktub yazaraq üzr istəyib. Sözügedən məktub Raçinski-Spivakovanın iştirakı ilə imzalanıb.
Bu barədə “Sputnik Armenia” agentliyi “RİA Novosti”yə istinadən xəbər verib. Məktubunda Lapşin hərəkətlərinin sadəlövhlük üzündən edildiyini bildirir və onlara görə üzr istəyir. Məktub notarial qaydada Belarusdakı İsrail səfirliyinin konsulu tərəfindən təsdiqlənib və İsrail səfirliyi vasitəsilə Bakıya – Azərbaycan prezidentinin administrasiyasına baxılmaq üçün göndərilib.
Xatırladaq ki, üç ölkənin (Rusiya, İsrail və Ukrayna) vətəndaşı olan Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın tələbi ilə Belarusda saxlanılıb. Belə ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Lapşin işğalçı rejimin beynəlxalq aləmdə təşviqatı məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlər edib. Bundan əlavə, o, 2016-cı ilin 6 aprel və 29 iyun tarixlərində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə kütləvi çağırışlar edib və işğalçı rejimin “müstəqilliyini” dəstəklədiyini bildirib.
Dünən Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil verilməsi barədə xəbərlər yayılıb.
892 dəfə oxundu