Afaq Əliyeva: “Qrip virusu ilə bağlı heç bir qorxu və narahatlıq yoxdur”
”Azərbaycanda xüsusi təhlükəli xəstəliklərə tək-tək hallarda rast gəlinir”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, ölkədə xüsusi təhlükəli xəstəliklərdən brüselyoz, qarayara və quduzluq qeydə alınır.
A. Əliyeva miqrasiya zamanı müxtəlif xəstəliklərin Azərbaycana gətirilməsi hallarına da münasibət bildirib: “Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrə miqrasiyası, həmçinin ölkəyə xarici ölkə vətəndaşların gəlməsi müşahidə olunur. Ehtimal ola bilər ki, hansısa vətəndaş xarici ölkədən xəstə vəziyyətdə geri qayıda bilər. Lakin bu gün heç bir ölkədə, eləcə də Rusiyada qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb. Bununla əlaqədar heç bir qorxu və narahatlıq yoxdur. Respirator infeksiyalar, yüngül keçən qrip virusları ola bilər ki, ölkəyə gəlsin. Ancaq bu, təhlükəli deyil və hava-damcı infeksiyalarıdır. Ötən ilin dekabr ayında mövsümlə əlaqəli xəstəliklərin sayında bir qədər artım var idi, lakin artıq onların sayı iki dəfə azalıb”.
A. Əliyeva vurğulayıb ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı, o cümlədən may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün lazımi tədbirlər görülür. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə yanaşı, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar tərəfindən bütün profilaktik tədbirlər həyata keçiriləcək.
821 dəfə oxundu