Lavrov: “Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-si Moskvada 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Novator.az-ın məlumatına görə, nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qərar qəbul edilib: “İlk növbədə münaqişənin gərgin vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş, atəşin dayandırılmasını tələb edən qətnamələri göstərmək olar. Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil. ATƏT-in Minsk qrupunun çoxsaylı qərarlarında, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sənədlərdə mübahisələrin dinc yolla həlli birmənalı vurğulanır.
Sergey Lavrov 2016-cı ilin aprel ayında münaqişə zonasında gərginliyin artmasına toxunaraq deyib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı ittihamlarını nəzərə alaraq təmas xəttində insidentlərin araşdırılması mexanizmini yaratmaq, ATƏT-in müşahidəçilərinin sayını artırmaq barədə razılıq əldə olunub: “Təəssüf ki, bunu həyata keçirmək mümkün olmayıb. Çünki ATƏT-də bununla bağlı konsensus yoxdur”.
2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsi 30-cu ilinə qədəm qoyub. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.
850 dəfə oxundu