"Avropa Şurası əvvəlki dəyərləri qoruyub saxlaya bilmir" İqbal Ağazadə
"Parlamentin icra qurumları üzərində nəzarətini gücləndirmək üçün Milli Məclisin rəngi dəyişməlidir.
Cəmiyyət müxtəlif rənglərdən, ideolojilərdən və siyasi təşkilatlardan ibarət olduğu kimi parlament də o rəngi özündə ehtiva etməlidir".
Bunu Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə AzadlıqRadiosuna deyir:
O iyunun 23-də Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacaq “Azərbaycanda demokratik institutların vəziyyəti” adlı hesabat haqda danışıb.
Hesabatı Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeusz Iwinski hazırlayıblar.
Məruzəçilər hökumətə bir sıra tövsiyələr veriblər. Onlardan biri də parlamentin icra qurumlarına nəzarəti gücləndirməsiylə bağlıdır.
İqbal Ağazadə:
- Rəngi dəyişən parlamentin rolu da, yeri də, ictimai nəzarət mexanizmini gerçəkləşdirmək imkanları da geniş olacaq. Təəssüf ki, bu gün o, yoxdur. İkinci tərəfdən, ictimai strukturlar var ki, parlament orda nümayəndələrlə təmsil olunur.
Məsələn, əfv komissiyasında parlamentin çoxluqdan və bitərəflərdən ibarət nümayəndələri var, amma azlığın nümayəndəsi yoxdur. Eləcə də İctimai Televiziyanın Yayım Şurasında, Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ictimai komissiyasında.
Məsələn, büdcə üzərində nəzarəti həyata keçirən Hesablama Palatasında altı auditoru parlament sədri təyin edir. Onlardan iki nəfərini parlament azlığının təqdim etməsi daha yaxşı olardı.
O zaman ictimai mexanizmi, nəzarət mexanizmini bərpa etmək mümkün deyil. Ümumiyyətlə, hakimiyyətin bu məsələlərdə istəyi olsa, kifayət qədər yol və imkan var. Ən başlıcası, parlamentdə çoxpartiyalı sistem və fraksiya yarada biləcək gücə malik azlıq nümayəndələri olmalıdır.
- Məruzəçilər deyirlər ki, hakimiyyətin cəhdlərinə baxmayaraq məhkəmələr müstəqil deyil. Bu cəhdlər varmı?
- Hakimiyyətin cəhdləri cəzalandırmaqdırsa, bu yanlışdır. Əvvəla, sistem müəyyənləşdirilməlidir. Birinci aşağı məhkəmə, ikinci və üçüncü məhkəmə instansiyası fərqləri ortaya qoymalıdır. Əgər birinci məhkəmə instansiyasında bir hakimin üç işi apellyasiya məhkəməsi tərəfindən ləğv olunursa, o, avtomatik cəzalandırılmalıdır. Ən azı müvəqqəti, belə hal təkrarlanarsa, birdəfəlik hakimlikdən uzaqlaşdırılmalıdır. Apellyasiya məhkəməsi də eyni qaydada. Avropa İnsan Haqları Məhkəməsi Ali Məhkəmənin qərarının əleyhinə qərar çıxaracaqsa, hökmən o hakim cəzalanmalıdır, vəzifəsindən getməlidir. Bəzən təkliflər səslənir ki, cərimələnsinlər. Bu, yanlışdır. Hakim qərarı dövlət adına çıxarır və dövlət adına çıxarılan qərarda fərdlərin ödəniş məsuliyyəti olmamalıdır. Amma hakim bilsə ki, onun bircə işi Avropa Məhkəməsində ləğv olunacaq, buna görə işini itirəcək, o zaman məhkəmələr müstəqil olacaq. Xüsusi imtiyaz vermək, ömürlük təyin etmək çıxışı yol deyil. Cəza mütləq olmalıdır.
- İyunun 23-də AŞPA-da keçirilməli müzakirələrdən nə gözləyirsiz?
- Açığı, Avropa Şurasından gözləntilərim böyük deyil. Postsovet ölkələrinin Avropa Şurasına üzv olması, Şərqi Avropa ölkələrinin bəzilərinə fərqli münasibət üzündən qurum əvvəlki dəyərləri qoruyub saxlaya bilmir. Avropa Şurasının dəyəri bu gün bir-birinə yaxınlıq, ölkələrin bir-birini qorumasıdır. Əvvəlki dönəmdə dəyərlərə daha çox önəm verilirdi. Bu gün Avropa Birliyi qismən bu missiyanı yerinə yetirir. Avropa Şurasının qərarı isə kağız üstündə qalır, ən pis halda təcrid etmə qərarı verir, bu da demokratiyaya xeyir vermir. Təcridetmə demokratiyaya ən böyük zərbə vuran amillərdəndir.
1338 dəfə oxundu