Azərbaycan hərbi aktivliyini işğal altındakı ərazilərin qaytarılması hüququ ilə izah edir
ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliyə öz səhifələrində geniş yer ayırıb. APA-nın məlumatına görə, qəzetin bugünkü sayında bölgədəki son vəziyyətlə bağlı geniş yazı dərc olunub. Yazıda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən və uzun illərdən bəri apardıqları etnik təmizləmə siyasətindən bəhs edilir.
Məqalə müəllifi Endryu Kramer son günlər cəbhədə yaşananları atəşkəsin elan olunduğu 1994-cü ildən sonra ilk dəfə tanklar, artilleriya qurğuları, döyüş helikopterləri, eləcə də iri kalibrli silahlardan istifadə olunmaqla, baş verən ən genişmiqyaslı toqquşma kimi qiymətləndirir, bununla da münaqişənin yeni və daha mürəkkəb bir mərhələyə qədəm qoyduğunu bildirir: "Keçmiş SSRİ respublikaları olan Azərbaycanla Ermənistan arasında milli zəmində münaqişə sovet dövrünün sonlarından etibarən alovlanıb. Nəticədə hər iki tərəfdən yüzlərlə insan ölüb və ya ömürlük əlil olub. Azərbaycan cəbhədə son günlər müşahidə olunan hərbi aktivliyini işğal altındakı ərazilərin qaytarılması hüququ ilə izah edir".
Yazı müəllifi bir neçə dəfə hazırda Dağlıq Qarabağda mövcud olan rejimi separatçı adlandıraraq, bu rejimin Ermənistan, xüsusilə də Kaliforniyanın cənubundakı erməni diasporu tərəfindən dəstək almasını xüsusilə qabardır. O, atəşkəsin elan olunduğu 1994-cü ildən keçən müddət ərzində dəfələrlə razılaşmanın cəbhə xətti boyunca, xüsusilə də Ermənistan tərəfindən pozulduğunu, bu vəziyyətin hər iki tərəfdə çoxsaylı itkilərə səbəb olduğunu bildirir.
"Eurasia Group" analitik mərkəzinin rəhbəri Kliff Kupçen açıqlamasında bildirib ki, Rusiya dövləti, daha dəqiq, prezident Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyil: “Cəbhə xəttində döyüşlər artıq bir neçə gündür davam edir və bu, artıq yeni müharibədir”.
E. Kramer yazısında rəsmi Moskva və Ankaranın sərgilədikləri mövqeyi təhlil edərək, bu məsələdə Rusiyanın Ermənistan, Türkiyənin isə Azərbaycanın tərəfində olduğunu qeyd edib. Buna misal olaraq o, Ermənistanın Rusiyanın çətiri altında fəaliyyət göstərən iqtisadi bloka qoşulduğu, Azərbaycanın isə daha çox qərbmeylli siyasət yürütdüyünü bildirib.
948 dəfə oxundu