Kremldən Bakıya Qarabağ hədəsi – “Gürcüstan ssenarisi” təkrarlana bilər!

Kremldən Bakıya Qarabağ hədəsi –


Türkiyə-Azərbaycan müttəfiqliyinə şimaldan ilginc reaksiya; Putinə yaxın nüfuzlu siyasi-analitik qurumun hazırladığı məruzədə “Müharibə başlasa, Rusiya Ermənistanın yanında olacaq, Bakı və Moskvanın maraqları kəskin toqquşacaq” xəbərdarlığı yer alıb; prezidentlərin Amerika görüşünün düyünə düşməsinin daha bir səbəbi üzə çıxır... “Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, biz prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram” - deyə, diplomat vurğulayıb.

Xatırladaq ki, az öncə vasitəçilərin ABŞ-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqları barədə xəbərlər yayılmışdı. O xüsusda bəzi analitiklər prezident Barak Obamanın iki prezidenti bir araya gətirə biləcəyini də istisna etməmişdilər. Bir çox siyasi müşahidəçilər isə Vaşinqtonda Rusiyasız baş tutacaq görüşlərə Moskvanın qıcıqlı yanaşacağı qənaətində idilər.

Ehtimal ki, prezidentlərin görüşünün təxirə salınmasında bu amil də rol oynayıb. Daha çox da Azərbaycan bu amili nəzərə almalı olub, həm də o səbəbə ki, rəsmi Bakı daima görüş xətrinə görüşün əleyhinə olduğunu bəyan edir. Lakin indi vəziyyəti daha həssas edən üstəlik, Rusiyanın Amerikanın təşəbbüskarlığından qıcıqlanmasıdır.

***

Maraqlıdır ki, məhz ehtimali görüş ərəfəsində Moskvadan Bakıya Qarabağla bağlı, 2008-ci il “gürcü ssenarisi”nin xatırladıldığı hədə-mesaj gəlib. Məsələ ondadır ki, Rusiyanın aralarında sabiq qeyri-leqal kəşfiyyatçı Andrey Bezrukovun da olduğu aparıcı siyasi ekspertləri geniş ictimaiyyət üçün “Beynəlxalq hədələr - 2016" adlı hesabat hazırlayıblar. ”İzvestiya" qəzetinin məlumatına görə, sənəd Rusiyaya əsas strateji hədələrdən bəhs edir və onlardan biri kimi Qarabağ konflikti göstərilir.

“2016-cı ildə Rusiya üçün sıravi vətəndaşlara elə də aydın olmayan hədələr də var - çünki KİV-lərdə bu hədəflər nadir hallarda diqqət mərkəzində olur. Söhbət öncəliklə Dağlıq Qarabağda konfliktin qızışmasından gedir - hansı məsələ ki, Suriya və Ukrayna böhranları üzündən ikinci plana keçib, lakin əsla az təhlükəli deyil. Son zamanlar orada artilleriya qurğularından istifadə olunmaqla atışmalar güclənib, tərəflər əsl silahlanma yarışına girib. Hadisələrin belə inkişafı Bakı və Moskvanın maraqlarının kəskin toqquşmasına, Rusiyanın Ermənistan tərəfdə müharibəyə qoşulmasına və 2008-ci il ”gürcü ssenarisi"nin təkrarlanmasına gətirə bilər. Bu isə Rusiya-Türkiyə münasibətlərinin daha da pisləşməsini vəd edir, ona görə ki, Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyir - müvafiq şəkildə Ermənistanı və Azərbaycanı" - hesabatda deyilir.

Diqqət çəkən digər mühüm detal odur ki, məruzənin təqdimatını “Valday” Beynəlxalq Diskussiya Klubu və “Xarici siyasət” Agentliyi həyata keçirəcək (dünən konfrans öz işinə başlamalı idi - red.) Konkret olaraq “Valday” Klubu - 2004-cü ildə yaradılmış analitik-ekspert mərkəzidir. Ən maraqlısı isə odur ki, prezident Vladimir Putin klubun hər il keçirdiyi konfrans iştirakçıları ilə ənənəvi olaraq görüşür.

Ayrı sözlə desək, nüfuzlu analitiklərin hazırladığı hesabatı sıradan sənəd hesab etməyə dəymir. Bu, bilavasitə Moskvanın daima öz siyasi-hərbi orbitində saxlamağa çalışdığı Azərbaycana ünvanlandığı ciddi xəbərdarlığı sayılmalıdır.

***

Bu xəbərdarlıq prezidentlər - İlham Əliyev və Serj Sərkisyanın mümkün Vaşinqton görüşü ərəfəsində peyda olmaqla yanaşı, təzəcə başa çatan Azərbaycan-Türkiyə birgə təlimlərinin, bütövlükdə son vaxtlar iki qardaş ölkə arasında bütün sahələr üzrə yaxınlaşmanın müşahidə olunduğu dönəmə təsadüf eləməsi ilə də diqqət çəkir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri az sonra məhz belə bir situasiyada, şimaldan təhdidedici mesajın ardınca gerçəkləşəcək. Bəzi analitiklər nazirin qarşıdakı səfərinə həm də bu kontekstdən qiymət verir. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, Lavrovun Bakı danışıqları zamanı Dağlıq Qarabağ ətrafındakı son durum da müzakirə olunacaq.

“Qarabağ münaqişəsi çoxdan beynəlmiləlləşib. Minsk Qrupu danışıqlar prosesində iştirak edir. Azərbaycan-Türkiyə ittifaqı günü-gündən möhkəmlənir. Rusiya da həmçinin Dağlıq Qarabağ konfliktinin Cənubi Osetiya, Abxaziya münaqişələri ilə paralellik təşkil etmədiyinin fərqindədir. Böyük güclər artıq Cənubi Qafqaz da daxil olmaqla, Böyük Yaxın Şərq layihəsini reallaşdırırlar” - qeyd edib ekspert.

***

“İran-Türkiyə-Azərbaycan yaxınlaşması və bölgədə gedən bəzi pozitiv tendensiyalar, eləcə də Amerika və Avropa Birliyinin artıq birmənalı qaydada Azərbaycanı müdafiə etməsi Rusiyada həyəcan yaradıb. Bu isə Dağlıq Qarabağ probleminin həllində situasiyanı dəyişə bilər”. Belə bir fikri isə politoloq Qabil Hüseynli Lavrovun gözlənilən səfərini axar.az-a şərh edərkən deyib.
Sabiq dövlət müşaviri səfərin ikimərhələli olacağını düşünür: “Birincisi, Bakıda Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Rusiyalı ekspertlər Moskvanın Qarabağa dair gizli planının olmasını ortaya atırlar. Zənnimcə, burada gizlilik qrifinə ehtiyac yoxdur. İkincisi, Azərbaycanın Qərb siyasətində aktivliyi artır. Qərb və ABŞ isə Azərbaycana diqqəti artırır. Bunu atılan xoşməramlı addımlar da göstərir”.

Politoloqa görə, bütün bunlar Bakının Qərbə meylliyini gücləndirməyə yönəlib: “Qərbin qazla təmin olunmasında Bakının rolu Avropa tərəfindən çox müsbət qarşılanıb və ölkə rəhbərinə dəstək verilməsinin zərurəti vurğulanır. Moskva bu yaxınlaşmadan narahatdır. Bu məqsədlə Qarabağın fonunda Yaxın Şərq planından söz açırlar. Hətta plana Cənubi Qafqazdakı problemlərin həllini əlavə etmək istəyirlər. Lavrov Bakıya Azərbaycanla məhz Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun taleyinin müzakirəsi üçün gəlir. Moskva bununla bir daha göstərir ki, proses Rusiyanın nəzarətindədir. Böyük dövlətlər, özəlliklə də bölgədə xüsusi maraqları olan Rusiya bir tərəfdən yaranmış sabitliyin səbəbkarıdır, digər tərəfdən isə problemin həllinin bütün açarlarını öz əlində saxlamaqdadır”.

Sözsüz ki, Azərbaycanın “gürcü ssenarisi” ilə təhdid olunmasının arxasında həm də bu açarları əldə möhkəm saxlamaq hədəfi dayanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...